Satın alan dövlət təşkilatlarının elan etdikləri tenderlərdə eyni şirkətin və ya sahibi eyni olan müəssisələrin qalib elan edilməsi məhdudlaşdırılacaq. Bununla bağlı mövcud qanunvericilikdə boşluqlar da aradan qaldırılacaq. Belə ki, yeni hazırlanan dövlət satınalmaları haqqında qanun layihəsində tenderdə iştirak edən təşkilatlar üzrə tələblər, maraqların toqquşması halları dəqiq göstəriləcək.
RegionTV.info xəbər verir ki, bu haqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli məsələ ilə bağlı danışıb: “Hər hansı satınalmada iki qardaşa aid təşkilatların iştirak etməsi nə qədər düzgündür, olar ya olmaz? Bir şəxsin sahibi olduğu və ya paya malik hansı təşkilatların bir tenderdə iştirak etməsinin tətbiqi necə olmalıdır? Misal üçün bu gün olurdu ki, kağızla iştirak etdikdə ya sənədi qəbul etmirdilər, ya gecikdirirdilər, hansısa süni maneələr olurdu. Artıq elektron platformanın tətbiqində bunun imkanı olmayacaq”.
Şirkətlərin tenderlərdə geniş iştirak etməmələrinin səbəblərindən biri də tenderlərin böyük məbləğdə olması göstərilir. Yeni təkliflərə görə isə tenderlərdə iştirak haqları da aşağı salınaraq optimallaşdırılması nəzərdə tutulub. Bu da kiçik və orta sahibkarların tenderlərdə iştirak etməyə maraqlarını artıracaq”.