Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Stalindən Putinədək sui-qəsdlər: Kreml siyasi rəqiblərini niyə yoxa çıxarır?






Hikmət Hacızadə: “Navalnıya sui-qəsd təsdiqlənsə, Putin üçün asan olmayacaq”

Əli Əkbər: “Bir hüquq-mühafizə orqanı əməkdaşının mənə pıçıldadığı kimi “Sınaqdan çıxmış, işlək bir şeyi niyə dəyişək?”

Dünyada siyasi rəqiblərini “zərərsizləşdirmək” və sui-qəsd etməkdə ən çox ad çıxaran ölkə Rusiyadır. Vladimir Putinin hakimiyyəti illərində bu cür müəmmalı hadisələrə daha çox rast gəlinib. Ona görə müxalifətçi Aleksey Navalnı zəhərlənən ilk siyasi opponent deyil. Yuriy Şekoçixin, Anna Politkovskaya, Aleksandr Litvinenko, Vladimir Karamurza, Sergey Skripal və qızı Yuliya Skripal, Dmitri Bıkov-2019, Berezovski zəhərlənərək sıradan çıxarılıb. Habelə, Putinin rəqiblərindən olan Boris Nemtsovun qətli də ən yeni tarixdir.

Ümumiyyətlə, Rusiyada siyasətçilərin yoxa çıxarılması, öldürülməsi həmişə olub. Çeçenistanın ilk prezidenti Cövhər Dudayevin raketlə vurulması aşkar siyasi terakt idi. Onun dəfn olunduğu yer naməlumdur.

Rusiyada nə üçün siyasi rəqibləri zəhərləmək, öldürmək daha çox yayılıb? Navalnının da qəsdən zəhərləndiyi üzə çıxsa, Putini nə gözləyə bilər?

Navalnı hazırda süni koma vəziyyətindədir və müalicə olunur. Hazırda onun həyatı üçün kəskin təhlükə yoxdur, lakin zəhərlənmənin təsirləri, xüsusilə də sinir sisteminə təsirləri istisna olunmur.

İngiltərə rəsmiləri Aleksey Navalnının başına gələnlərin tam və şəffaf şəkildə araşdırılmasını istəyir. Bu barədə Baş nazir Boris Conson öz Tvitter hesabında yazıb. “Günahkarlar məsuliyyətə cəlb edilməlidir və İngiltərə ədalətin bərqərar olunmasında beynəlxalq səviyyədə əməkdaşlığa hazırdır” - Conson bildirib.

Sirr deyil ki, hazırda Rusiyada narazı kütlənin və müxalifətin önündə gedəcək əsas fiqur Navalnı idi. Ola bilər ki, Putin onu aradan götürməklə müəyyən müddətə vaxt qazanmağı və bu zaman çərçivəsində öz postunu gücləndirməyi qarşıya məqsəd qoyub. Təcrübədə də belə faktlar var ki, Rusiyada müxalif siyasi liderlər zamanla bu və ya digər şəkildə zərərsizləşdirilməklə, Rusiyada etiraz aksiyalarının mərkəzləşdirilməsinin qarşısı alınıb və hakimiyyətin çöküşü prosesi ləngidilib.

Nemtsovun Kreml divarlarına yaxın yerdə qətli də məhz Rusiyada kütləvi etirazların mərkəzləşdirilməsinin qaşısının alınamsına hesablanmışdı. Hansı ki, o, Putinin əsas tənqidçilərindən biri idi.

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Rusiyada siyasilərin sui-qəsd olunması hakimiyyətəkilərin daxili aləmini xarakterizə edir. Onun fikrincə, hakim elita keçmiş “KQB” işçiləridir, iqtidar onların əlindədir: “Rusiyada “KQB” və kriminal birləşib, onlar rəqibləri ilə olan məsələləri bu cür həll edirlər. Yeri gəlmişkən, bu siyasətdə Stalin irsi də var. Onun vaxtında opponentərini həm daxildə, həm xaricdə qətllərlə aradan götürürdülər. Məsələn, Trotski, Düdəngski...”

H.Hacızadənin sözlərinə görə, Putin rəqiblərini xain sayır. Ekspert istisna etmir ki, Navalnının zəhərlənməsi təsdiqlənsə, Rusiya prezidentinə təzyiqlər artacaq: “Sanksiyaların yeni dalğası başlaya bilər. Belə hadisələr təsirsiz ötüşmür. Elə fikirləşməyin ki, Nemtsov öldürülüdü, iş bitdi. Yeri gələndə Putinlə müzakirədə bu faktlar masaya qoyulur. Odur ki, Navalnıya həqiqətən sui-qəsd olubsa və təsdiqlənsə, Putin üçün asan olmayacaq”.

İsveçrədə yaşayan azərbaycanlı yazıçı Əli Əkbərin fikrincə, ənənəvi cəmiyyətlər vərdişlərini dəyişməkdə çətinlik çəkir: “Rusiyada isə ümumiyyətlə dəyişmək istəmirlər. Buna ehtiyac yoxdur. Çünki rəqibi öldürməyin alternativi hər zaman tapılmır. Bəzən öldürmək, fiziki məhv ən təsirli metoddur”.

Ə.Əkbər insanların nə istədiyini anlamır: “Putin çıxıb deməlidir ki, biz eləmişik, əcəb eləmişik? Deməyəcək. Ona görə yox ki, qorxur. Ona görə ki, tilsim pozular. “Bizlik deyil” deməlisən, qurtardı getdi. İllərdir biz deyirik ki, axı cibdən nəşə “çıxarıb” adam tutmaq çox ayıbdır, primitivdir, inandırıcı deyil. Başa düşmürük ki, niyə bu ucuz varianta hələ də əl atılır? Bir hüquq-mühafizə orqanı əməkdaşının mənə pıçıldadığı kimi “Sınaqdan çıxmış, işlək bir şeyi niyə dəyişək?” Doğrudan da, niyə?”

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də