Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Media qurumları saniyələrlə yox, millisaniyələrlə yarışırlar”

“Belə olan halda çap mətbuatı konvergensiya prosesində iştirak etməlidir”
“Oxucu qəzetdəki mətnləri yalnız çap versiyada tapmalıdır”
“Sosial mediada isə növbəti sayda dərc olunacaq maraqlı yazılarla bağlı anons xarakterli materiallar təqdim oluna bilər”
“Qəzetin yaşaması üçün onlayn platformaların yaratdığı imkanlardan məharətlə yararlanmaq lazımdır”


Yaşadığımız informasiya cəmiyyətində həmişə xəbərə tələbat olub. Elə bu gün də insanlar yenilik sorağındadırlar. Lakin bir neçə əsr əvvəldən fərqli olaraq indi informasiyanın mənbələri daha çoxdur- qəzet, jurnal, radio, televiziya, sosial şəbəkələr…Əvvəl sadəcə çap mətbuatı var idi və insanlar oxuyurdular. XXI əsrdə isə dinləmək, izləmək, nəzərdən keçirmək imkanları informasiya mənbələri arasında ciddi rəqabət yaradır. Auditoriya bu və ya digər informasiya mənbəyinə üz tutarkən fərqli meyarları nəzərə alır. Kimi üçün operativlik, kimi üçün obyektivlik, kimi üçün də interaktivlik əsasdır. Elə isə sual yaranır: nə vaxtadək belə davam edəcək? Həqiqətənmi bundan sonra auditoriyanın informasiya mənbəyi sarıdan daimi alternativləri olacaq? Həmin “B variant”ları tədricən artacaq, ya azalacaq?

RegionTV.info  olaraq bu barədə daha ətraflı məlumat almaq üçün sosial media üzrə tədqiqatçı Vüsal Məmmədzadə ilə həmsöhbət olduq:

- Yeni medianın KİV- in inkişafına təsiri nədən ibarətdir?

- Bildiyimiz kimi, jurnalistika həmişə elmi-texniki tərəqqinin gətirdiyi yeniliklərdən bəhrələnib. Xüsusilə, kommunikasiya sahəsindəki nailiyyətlər xəbərin əldə olunması, emalı və yayımı prosesində fərqli üsul və formaların yaranması ilə nəticələnib. XX əsrin sonlarında internetin gündəlik həyatımıza sürətlə daxil olması, onlayn platformaların yaranması isə jurnalistikaya yeni məzmun qazandırıb. Məsələn, artıq media qurumları dəqiqələrlə, saniyələrlə yox, millisaniyələrlə yarışırlar. Yəni media qurumları arasında rəqabət artıb. Amansız rəqabət mühiti KİV-in fəaliyyətinin də inkişafına gətirib çıxarıb. XXI əsrin əvvəllərində “mediada konvergensiya(bir nöqtədə cəmləşmə)” anlayışı məşhurlaşmışdı. Bu anlayış çox keçmədən, demək olar, bütün media qurumlarının iş prosesinə təsir etdi. Sözügedən dövrdə informasiya ilə zəngin yeni platformalar yaranırdı: sosial şəbəkələr, veb saytlar, forumlar və s. auditoriyaya informasiya əldə etmək üçün alternativlər təklif edirdi. Bütün bu platformalar sonradan “yeni media alətləri və ya platformaları” kimi adlandırılmağa başlanıldı. Qəzet, jurnal,  televiziya və radio kimi ənənəvi media platformalarının auditoriyaları da sürətlə yeni platformalara üz tuturdular. Ənənəvi media prosesə uyğunlaşmaq üçün yeni media ilə “əməkdaşlığa” məcbur oldu: qəzetlər, televiziyalar və s. sosial media platformalarında öz hesablarını yaratdılar və digər yeni media alətlərindən istifadə etməyə başladılar. Beləliklə, konvergensiya prosesində iştirak etdilər. Konvergensiya ənənəvi mediaya itirdiyi auditoriyanı yeni media platformalarında qazanmağa imkan yaratdı. Konvergensiya ilkin mərhələdə çox mürəkkəb proses kimi görünsə də, hazırda, demək olar, bütün media qurumları bu prosesi keçiblər. Bu gün sosial media platformasında fəaliyyət göstərməyən qəzet, jurnal, televiziya və radio təsəvvür etmək çox çətindir. Fikrimcə, yeni medianın KİV-in inkişafına ən böyük töhfəsi, elə konvergensiyadır.

- Necə düşünürsünüz, yeni media alətlərindən istifadə, həmçinin vətəndaş jurnalistikanin inkişafı qəzetçiliyin yaşamasına necə təsir göstərir?

- Radio və televiziya yayımının ilk illərində bəzi şəxslər düşünürdülər ki, artıq, çap mediasının ömrü başa çatıb. Biz bu haqda jurnalistika dərsliklərində də oxumuşuq. Amma davam edən proseslər proqnozlar düz olmadığını göstərdi. Bu gün yeni mediadan danışırıq, amma yenə də köşklərdə qəzetlər satılır. Əlbəttə, çap materiallarının operativlikdə yeni mediaya qalib gələcəyini gözləmək məntiqsizdir. Dünya tərcübəsi onu göstərir ki, qəzetlər rəqabətin güclü olduğu dövrdə də düzgün qərarlarla mövcudluğunu qoruyub saxlaya bilər. Məsələn, dünyanın ən məşhur qəzetlərindən “Nyu York Tayms” multimedia jurnalistikasının ən təzə formatlarından biri – lonqridin yaradıcılarındandır. Bu format onlayn platformalar üçün nəzərdə tutulub. Bu gün, demək olar, bütün qəzetlərin onlayn platformalarda fəaliyyəti mövcuddur. Bununla birlikdə, qəzet çapı da davam etməkdədir. Qəzetin yaşaması üçün, düşünürəm, ilk növbədə, konvergensiyada uğurla iştirak etmək və onlayn platformaların yaratdığı imkanlardan məharətlə istifadə etmək lazımdır. Digər tərəfdən, hər platformanı öz xarakterinə uyğun istifadə etmək tələb olunur. Məsələn, qəzet üçün yazılmış bir səhifəlik yazını sosial mediada paylaşsaq, onu heç kim oxumayacaq. Digər tərəfdən, redaksiya veb saytında və digər platformalarda artıq yayımladığı məlumatları qəzetdə də dərc etməməlidir. Oxucu qəzetdəki mətnləri yalnız çap versiyada tapmalıdır. Digər platformalarda, məsələn, sosial mediada isə növbəti sayda dərc olunacaq maraqlı yazılarla bağlı anons xarakterli materiallar təqdim oluna bilər. Yəni müasir informasiya mühitində qəzetlərin mövcudluğunu qoruyub saxlaması çox çətin görünsə də, işin düzgün təşkili ilə buna nail olmaq mümkündür.

- Bəziləri düşünür ki, əsas məsələ klassik ənənələrə sadiq qalmaqla həm də yeni tendensiyalardan geri qalmamaqdır. Sizcə, bu, mümkündür?

- Əlbəttə! Bayaq da dediyim kimi, əsrin ilk illərində ənənəvi medianın yeni media ilə əməkdaşlığa başlaması, elə sizin söylədiyiniz fikrin təsdiqidir. Jurnalistikanın mahiyyəti heç vaxt dəyişməyib. Jurnalistlərin vəzifəsi həmişə cəmiyyəti məlumatlandırmaq olub. Dəyişən texnoloji avadanlıqlar, forma və üslublardır. Klassik ənənələr bu gün də yaşayır, sadəcə, yeni tələblərə uyğunlaşdırılıb və ola bilsin, görüntüsü dəyişib.

- Etiraf etmək lazımdır ki, İKT-nin daha çox inkişaf etdiyi Qərbdə qəzetçiliyə münasibət bizdən daha yaxşıdır. İnsanlar qəzet oxuyurlar. Elə isə bizdəki çatışmazlıq nədir? Həmin səviyyəyə çatmaq üçün nə etmək lazımdır?


- Statistika göstərir ki, qəzet və jurnallar, hətta kitabların auditoriyası sürətlə kiçilir. Tendensiya bu gün bütün dünyada davam edir. Yəni əslində, bizdə fərqli vəziyyət yaşanmır. Sual oluna bilər ki, biz özümüzü kiminlə müqayisə edirik? Məncə, Fransa ilə müqayisə düzgün olmazdı. Çünki, bilirik ki, Fransa qəzet, jurnal və kitab oxuma səviyyəsində digər dövlətlərdən fərqlənir. Burada insanlar həmişə oxuyublar. Yeni medianın gəlişi ilə orada da oxuyanlar azalmasına rəğmən, ənənə olduğu üçün hazırda da çap məhsullarının kifayət qədər auditoriyası var. Bizdə vəziyyət, bir qədər fərqli olub. Əlimizdəki vasitə qəzet olduğu üçün onu oxumuşuq. Qəzetə informasiya mənbəyi kimi baxmışıq və bu gün başqa informasiya mənbələri olduğu üçün, biz də seçimimizi dəyişmişik. Qərbin bəzi ölkələrində isə qəzet oxumaq ənənədir. Məsələn, Böyük Britaniyada bu gün artıq aktuallığını itirməkdə olan səhər yeməyindən öncə qəzet oxumaq ənənəsi var. İnsanlar yuxudan oyanandan sonra səhər yeməyi süfrəsində qəzet oxuyaraq günə başlayırlar. Bizdə isə belə ənənə olmayıb. Bu gün Qərblə özümüzü qəzet oxumaq sahəsində müqayisə ediriksə, bu ənənələri də nəzərə almalıyıq. Məncə, tendensiya hər yerdə eyni nəticələrə səbəb olur.

- İndi elə şərait yaranıb ki, fotoaparatı, azca yazma qabiliyyəti olan hər kəs özünü jurnalist hesab edir. Bu mənfi tendensiyanin qarşını almaq üçün nə etmək lazımdır?

- “Vətəndaş jurnalistikası” termininin ortaya çıxdığı ilk illərdə elmi mühitdə müzakirələr və hətta mübahisələr yaşanırdı. Bəzi nəzəriyyəçilər bununla peşəkar jurnalistikanın sonunun gəldiyini düşünürdülər. Digərləri isə deyirdilər ki, bu, informasiyaların daha operativ yayımına gətirib çıxaracaq. Zaman hər iki tərəf müəyyən mənada haqlı olduğunu göstərdi. Bu gün, xüsusilə, smartfonların həyatımıza daxil olması ilə, demək olar, hər gün hamımız, ən azı, bir xəbər istehsal edirik. Bu işi görməyi sevənlər isə müəyyən mərhələdən sonra özlərini jurnalist kimi təqdim edirlər. Bu gün jurnalistlərlə hər hansı platformada informasiya yayımlayan şəxslərin gördüyü iş eyni olsa da, jurnalistlər bunu peşəkar şəkildə edirlər. Biz bu gün heç kimə deyə bilmərik ki, sən jurnalist deyilsən, niyə özünü jurnalist kimi təqdim edirsən? Bir şəxs informasiya çatdırırsa, jurnalist olmasa da, müəyyən mənada, jurnalistlərə rəqib olur. Təbii ki, qeyri-peşəkarların sayının artması və informasiya mühitinin dezinformasiya və yarımçıq məlumatlarla bulanması yaxşı hal deyil. Amma bu vəziyyəti də auditoriya düzəltməlidir. Qeyri-peşəkarlar nə qədər çox oxunsalar, o qədər çox xəbər istehsal edəcəklər. Auditoriyanın səviyyəsi artsa, qeyri-peşəkarlar özləri tədricən yoxa çıxacaqlar.

- Sosial medianın məhdudlaşdırılmasına münasibətiniz necədir?

- Söz azadlığının istənilən formada məhdudlaşdırılmasına qarşıyam. Digər tərəfdən, sosial medianın məhdudlaşdırılması, məncə, bu gün mümkün deyil. İndi rəsmi səviyyədə hansısa platformaya istifadəçi girişinə qadağa qoyulsa, həmin platformaya daxil olmaq istəyən istifadəçi mövcud texniki imkanlardan istifadə etməklə buna nail olacaq. Yəni, bu gün sosial medianın məhdudlaşdırılması üçün cəhdlərin uğurlu alınacağına inanmıram. Amma sosial media istifadəçiləri də paylaşdıqları hər sözün məsuliyyətini dərk etməlidirlər. Bu gün bütün platformaların öz qaydaları mövcuddur və bu qaydaları pozan şəxslərin fəaliyyəti məhdudlaşdırılır. Digər tərəfdən, hər ölkənin öz məişəti, həyat və düşüncə tərzi olduğunu nəzərə alsaq, hər bir ölkənin də söz azadlığını məhdudlaşdırmamaq şərti ilə internetdən istifadə qaydalarını müəyyən etməsi arzuolunandır. Məsələn, Finlandiya internetdən istifadə qaydalarını uğurla tətbiq edir və Avropa İttifaqında da bununla bağlı qəbul olunan müxtəlif qayda və qanunlar var. Bu sənədlərdə internetdən istifadəyə aid, demək olar, bütün müddəalar əksini tapıb və bu, internetdən istifadənin tənzimlənməsinə kömək edir.

- Necə düşünürsünüz, müasir dövrün tələbi daha çox operativ olan vətəndaş jurnalistikasına, yoxsa daha obyektiv olan peşəkar jurnalistikayadır?

-  Bayaq da dediyim kimi, burada seçim auditoriyanındır. Azərbaycandan danışırıqsa, bu gün sosial mediada informasiyanın daha sürətlə yayıldığını və auditoriya tərəfindən daha asan qəbul olunduğunu görürük. Yəqin, qarşıdakı illərdə də operativliyə tələb daha çox olacaq. Peşəkar jurnalistika isə sosial mediadakı amansız rəqabət mühitindən necə qalib çıxacağının yollarını axtarmalıdır. Çünki, istifadəçi hadisə ilə bağlı birinci eşitdiyi məlumatı daha rahat qəbul edir və sonra eşitdiklərini sorğulamağa başlayır. Düşünürəm, haqqında danışdığımız internetin hüquqi cəhətdən tənzimlənməsi mexanizminin işə düşməsi, eləcə də, auditoriyanın səviyyəsinin yüksəlməsi ilə sosial mediadakı qeyri-peşəkar informasiya mənbələri də tədricən ömrünü başa vuracaq və onların yerini peşəkar media kanalları tutacaq.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də