Azərbaycan və Türkiyə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib.Baş Prokurorluğun Mətbuat xidmətindən RegionTV.info-ya verilən məlumata görə, fevralın 15-də nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərə - Anıtqəbiri ziyarət edib. Böyük Atatürkün əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyularaq Baş prokuror tərəfindən xatirə kitabına ürək sözləri yazılıb.
Daha sonra Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunda ikitərəfli görüş keçirildi. Ölkəmizin nümayəndə heyətini səmimi salamlayan Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını ifadə edərək İraqın Qara bölgəsində xain terror aktı nəticəsində 13 günahsız mülki şəxsin qəddarcasına qətlə yetirilməsi ilə bağlı başsağlığı verib.
Tarixən xalqlarımızın milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də müvəffəqiyyətlə inkişaf etdirildiyini bildirən Baş prokuror bu əlaqələrin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "bir millət, iki dövlət", Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir" kəlamları ilə dəqiq ifadə edildiyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri ilə reallaşan mühüm əhəmiyyətli strateji layihələrinin ölkələrimizi daha da yaxınlaşdıracağı, xalqlarımızın rifahına xidmət göstərəcəyini vurğulayıb.
Baş prokuror Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və müdrik rəhbərliyi ilə uzun illərdən sonra ölkəmizin ərazi bütövlüyünü bərpa edərək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qətnamələri icra etdiyini vurğulayaraq 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə tərəfindən göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparıldı, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışıldı, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycanın Baş prokuroru tərəfindən Türkdilli Dövlətlərin Baş prokurorlarının Əməkdaşlıq Şurasının yaradılması və təsis iclasının da rəmzi olaraq ölkəmizdə keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.
Elə həmin gün nümayəndə heyətinin Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül ilə görüşü keçirildi. Ölkələrimizin ədliyyə orqanları arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğu vurğulanaraq, iki ölkə arasında ikitrəfli hüquqi əməkdaşlıq, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər maraq kəsb edən mövzular ətraflı müzakirə edilməklə gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli və faydalı fikir mübadiləsi aparılıb.
Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edir.
Nümayəndə heyətinin səfəri davam edir.
Xəbəri paylaş