Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sabiqlərin oğurladıqları milyardları Qarabağın bərpasına necə yönəltmək olar?

RegionTV.info 
Azərbaycan kimi ağır savaşdan, böyük itkilərlə müşayiət olunan müharibədən çıxmış ölkənin yerində Çin, Şimali Koreya və bu qəbildən başqa bir dövlət olsaydı, yəqin ki, korrupsiya, rüşvət, büdcə oğurluğuyla milyardlara sahiblənən məmurları minalanmış sahələrə salıb, əraziləri bu yolla təmizləyərdi.
Yaxud demokratiyanın, qanunun aliliyinin təmin olunduğu Qərb dövlətləri olsaydı, lap əvvəldən belələrinin talançılığına imkan verməz, bu baş verdiyi təqdirdə isə, ədalətli araşdırma, məhkəmə prosesi aparar, bundan sonra onları uzunmüddətli həbsə göndərər, bütün varidatına, bank hesablarına və s. əl qoyardı. 
Ancaq Azərbaycanda bu variantların heç biri keçərli olmadığından, yəqin ki, hansısa üçüncü yola ehtiyac var…
İndi istər hakimiyyət təmsilçiləri, istərsə də müstəqil ekspertlər işğaldan azad edilmiş ərazilərin tam bərpası, müvafiq infrastrukturun yaradılması, iş yerlərinin açılması, bir sözlə, normal yaşayışın təminatı üçün dövlətə külli miqdarda, yəqin ki, milyardlarla hesablanacaq vəsaitin lazım olduğunu bildirirlər. Hələ şəhid ailələri və qazilərimizin sosial, səhiyyə, mənzil və digər problemlərinin həllinə lazım olan vəsaitləri demirik. Bütün bunların təmin olunması pandemiya və neftin ucuzlaşması, həmçinin, hələ də məmur monopoliyasının buxovunda boğulan iqtisadiyyat fonunda olduqca problemli məsələ kimi görünür. Lakin ölkənin iqtisadiyyatının, onun sərvətlərinin bu həlledici dövrdə yetərincə köməyimizə çata bilməməsinin baiskarları təkcə pandemiya və neft qiymətləri deyil. 
Azərbaycanda istənilən pandemiyadan, təbii fəlakətdən qat-qat təhlükəli və ziyanlı olan məmur-oliqarx təbəqəsi var. 
Onların böyük bir qisminin artıq hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, hələ də yüksək vəzifə tutanlar və “köhnə qaydaları” davam etdirənlər də az deyil. Və şübhə yoxdur ki, məhz bu şəxslərin varidatını, şirkətlərini, bank hesablarını, mal-mülklərini, biznesini və s. pul ekvivalentinə çevirərək üst-üstə bir fonda toplasaq, dövlət büdcəsinə, hətta az qala Neft Fonduna yaxın bir məbləğ ortaya çıxar. Və bu məbləğlə Qarabağı bir yox, bir neçə dəfə dirçəltmək olar…
Çox uzağa getməyək, elə Mixeil Saakaşvilinin dönəmində qonşu Gürcüstanda məmurlar tərəfindən dövlətdən oğurlanan vəsaitlərin böyük bir qismini geri qaytarmaq, büdcəyə ödətdirmək mümkün olmuşdu.
Qonşularımızla müqayisədə neft ölkəsi olan Azərbaycanda isə talanan vəsaitlərin miqdarı yüz milyonlar deyil, milyardlarla ölçülür və buna kimsənin qəti şübhəsi yoxdur.
Bu talanda iştirak edənlərin böyük əksəriyyətinin biznesləri, varidatı, bank hesabları həm xaricdə, həm də ölkə daxilində mövcuddur və onların çoxu hazırda Azərbaycanda yaşayır.
Bu “qəhrəmanları” sıralasaq, böyük bir siyahı alınar. Burada kimlər yoxdur? – Ziya Məmmədov, Fazil Məmmədov, Abid Şərifov, Əli Həsənov (hər ikisi), Oqtay Əsədov, Eldar Mahmudov, İsmət Abbasov, Hacıbala Abutalıbov, Səfər Əbiyev, Zakir Qaralov, Rüstəm Usubov, Nəcməddin Sadıkov, Əli Abbasov, Heydər Əsədov, Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Misir Mərdanov, Etibar Pirverdiyev, Tağı Əhmədov, Füzuli Ələkbərov, Heydər Babayev, Rüfət Aslanlı, Arif Qaraşov və adlarını çəkmədiyimiz daha kimlər, kimlər! Bu siyahını uzatdıqca uzatmaq olar.
Əlbəttə ki, buraya Ramiz Mehdiyev (Varidatı təxminən 2 milyard qiymətləndirilən - red.) başda olmaqla, hazırda hələ də bu və ya digər postlarda oturan digər “köhnə qvardiya” təmsilçilərini də aid etmək lazımdır. Əslində, onların təxmini siyahısını ölkə başçısı “Şuşaya hücuma hazırlaşan” qurumları sadalayarkən səsləndirmişdi və bu sıraya əlavə olaraq, Əhməd Əhmədzadə, Cavid Qurbanov kimi digər çoxlu sayda məmurun da adını əlavə etmək olar.
Bir qədər fantastik görünsə də, bütün bu adamların məlum yollarla topladıqlarını bir yerə yığaraq, böyük bir fond yaratmaq, hətta adını da şərti olaraq, “Sabiqlər Fondu” qoymaq olar. Belə bir fonda yığılacaq vəsaitin miqdarını təsəvvür edirsinizmi?…

Əslində, Səlim Müslümovun həbsi, Ziya Məmmədovun istintaqa çağırılması, Füzuli Ələkbərovun şirkətlərinin qazandıqları tenderlərin ləğvi, “Baku Steel Kompany”-nin ətrafında baş verənlər və hələ mətbuatda işıqlandırılmayan digər oxşar tədbirlər artıq bizim qeyd etdiyimiz oğurlanmış kapitalların geri qaytarılması prosesinin hansısa formada başlanğıcının ilk işartıları hesab oluna bilər. Və əgər bu proses doğrudan da tam şəffaf və dövlətin maraqları çərçivəsində reallaşarsa, buna hətta ictimai nəzarəti həyata keçirmək olar.
Mütəmadi olaraq oğurlanmış vəsaitlərin hansı miqdarda geri qaytarılmasını əks etdirən məlumatlar dərc edilə bilər – necə ki, YAŞAT Fondu, yaxud Azərbaycan Ordusuna Yardım Fonduna yığılan vəsaitlər barədə hesabat verilir. Qoy əhali bilsin ki, ondan oğurlanan pulun nə qədəri geri alınıb. Belədə həm də, bir ara həbs olunan məmurların evlərindən çıxan milyonların, on milyonların sonrakı taleyi qaranlıq qaldığı kimi, müxtəlif suallar və spekulyasiyalar da yaranmaz. 
Və inanın ki, əgər qeyd etdiyimiz bu proses reallaşarsa, oğurlanan pulların heç olmasa bir qismi qaytarılarsa, artıq hökumətin büdcəni doldurmaq üçün bir neçə il əhalinin cibinə girərək, suyun, işığın, qazın, benzinin və s. qiymətini qaldırmasına, cərimələri artırmasına ehtiyac qalmaz… 
Lakin burada bir məqamı da qeyd etməmək olur. Əgər sabiqlərdən və indi də vəzifədə olan məmur-oliqarxlardan geri qaytarılacaq (əgər qaytarılacaqsa-C.M) pullar Qarabağın dirçəldilməsi adıyla yenə də “Gənclik”dəki tunel, Bakı-Quba yolunun, Mərkəzi Bankın, yaxud “Azərsu”-nun binasının tikintisi və digər bu tip korrupsiya layihələrindəki kimi xərclənəcəksə, yəni bir oğrudan alınıb başqa birinə yem ediləcəksə, nəzarət sistemi işləməyəcəksə, o zaman heç bu vur-çatlasına da ehtiyac yoxdur, necə deyərlər, “qoyun kişilər yaşasınlar”...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də