Bakının Səbail rayonunda iki yaşlı oğlunu öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılıb.
RegionTV.info bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Emil Kazıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Səbail rayonu ərazisində Emil Kazıyevin 2018-ci il təvəllüdlü oğlu Ömər Şabanova bıçaq xəsarətini yetirməsi, daha sonra özünün də bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirməsi barədə Səbail rayon Polis İdarəsinə məlumat daxil olub.
Həmin məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə, zəruri prosessual hərəkətlər keçirilib.
Aparılmış istintaq zamanı Emil Kazıyevin bıçaqla boğaz nahiyəsini kəsərək köməksiz vəziyyətdə olan azyaşlı oğlu Ömər Şabanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq orqanı tərəfindən Emil Kazıyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
E.Kazıyev hadisəni törədən zaman sərxoş olduğunu özünü idarə edə bilmədiyini iddia edir.
Xəbəri paylaş