Azərbaycan Respublikasının Əməkdar artisti, uzun illər Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmiş Əlican Əzizov vəfat edib.
RegionTV.info xəbər verir ki, bu barədə Gəncə Dövlət Dram Teatrı məlumat yayıb. Bildirilib ki, aktyor 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əlican Süleyman oğlu Əzizov1975-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini bitirmiş, 1975-1996-cı illərdə Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərmişdir. Bu illər ərzində o, zəngin yaradıcılıq təcrübəsi toplayaraq, saysız-hesabsız xarakterik, yaddaqalan, orijinal obrazlar yaradıb.
1996-cı ildən Gəncə Dövlət Nizami Poeziya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirmiş və 2000-ci ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür. Ümumilikdə, ömrünün 30 ilə yaxın müddətini teatr sənətinə həsr edib.
1978-ci ildə o, "Yaradıcı gənclərə baxış" müsabiqəsinin qalibi, 1985-ci ildə Respublikada "Ən yaxşı kişi rolunun ifaçısı" olub.
Ə.Əzizov "Komsomol" poemasında Bəxtiyar, "Vaqif"də Vidadi, "Aydın"da Dövlət bəy, "Almaz"da Fuad, "1905-ci ildə" Volodin, "Dairəni genişləndirin" əsərində Sergey Uqolkov və s. obrazlar yaradıb.
Gəncə Dövlət Nizami Poeziya Teatrında fəaliyyəti dövründə, N.Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşalarda İsgəndər, Bəhram, Çoban, Fərhad obrazlarını yaratmış, "Xeyir və Şər", "Gül və Zəhər" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Bununla yanaşı o, A.Murovdağlının "Alın yazısı", M.Alimin "Gül və Zəhər", A.Babayevin "Memarın məhəbbəti", Z.Xəlilin "Gəncə qartalı" əsərlərində quruluşçu rejissor olmuşdur.
Ə. Əzizov Azərbaycanfilmin istehsalı olan "Süd dişinin ağrısı", "Dairə", "Şahid qız" filmlərində Kərimin atası, Arif və kapitan Mikayılov rollarını ifa etmişdir.
M.Kərimin "Odu atma Prometey" əsərində Əcəmşah roluna görə keçmiş SSRİ Mədəniyyət Nazirliyinin mükafatını almışdır.
2006-cı ildə o, Prezident mükafatına layiq görülmüşdür.
Xəbəri paylaş