Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fərhad Əliyevin oğlu: “Mənə çağırış gəlməyib, müharibəyə könüllü getmişəm” - MÜSAHİBƏ

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də  44 günlük Vətən Müharibəsində döyüşçü kimi iştirak edib. 
RegionTV.info  Yusif Əliyevin müharibə barədə təəssüratlarını təqdim edir: 
- Yusif bəy, öncə ondan başlayaq ki, 44 günlük Vətən müharibəsindən dövlətimiz və ordumuz qalib ayrıldı. Qalib ordunun əsgəri olmağı sözlə necə ifadə edə bilərsiniz?
- Birinci Qarabağ müharibəsində döyüşən mərd Azərbaycan kişilərinə nəsib olmayan qələbə şərəfi bizə - Vətən müharibəsinin iştirakçılarına nəsib oldu. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün viçdanlı insanları qələbə üçün əlindən gələni etdi. Vaxtilə bizim məğlubiyyətimizə səbəb olmuş hadisələr bu dəfə təkrarlanmadı. Allah şəhidlərimizə rəhmət etsin, Tanrı onların haqqını bizim xalqa çox görməsin. Bütün qazilərimizə və ailələrinə Allahdan kömək diləyirəm. Qalib əsgər olmaq yaxşıdır, amma xalqımızın əbədi olaraq qalib xalq kimi başının uca olması mənim üçün hər şeydən üstündür. Bu illər ərzində ölkə başçımız güclü Azərbaycan Ordusu yaradıb. Ordumuzun cəsarəti 44 günlük müharibənin taleyini həll etdi.
 - 2020-ci ilin 27 sentybrında Vətən müharibəsi başlayanda bizə elə gəlirdi ki, 2016-cı ilin aprel döyüşləri kimi qısamüddətli olacaq. Amma İkinci Qarabağ müharibəsi xalqımızın itirilmiş torpaqlarını, sınmış qürurunu özünə qaytardı. Siz də müharibənin ilk günlərindən döyüşə qatılanlardansınız. Bizə maraqlıdır, sizə çağırış gələndə bunu necə qarşıladınız? İçinizdən müharibəyə getməmək istəyi keçdimi?
- Mənə çağırış gəlməyib. General Polad Həşimovun ölümündən sonra onun həyatı ilə daha dərindən maraqlandım və onun əsgərləri ilə haqqında söhbət etdim. Belə təvazökar, fədakar və cəsur azərbaycanlını qətlə yetirən vəhşi rejimə qarşı döyüşmək üçün Yasamal rayonu “hərbi komissarlığı”nda könüllü döyüşçü kimi qeydiyyatdan keçdim. Müharibənin elan olunmasına bir neçə gün qalmış tanıdığım yüksək rütbəli hərbçi dostlarımdan, Yasamal “hərbi komissarlığı” və Mənzil İstismar İdarəsinin nümayəndələrilə bir neçə dəfə telefonla danışdım. Birinci çağırışla döyüşə getmək istədiyimi bildirdim. Sağ olsunlar, məni eşitdilər və 28 sentyabrda mən Füzuli istiqamətinə yollandım. Müharibəyə getmək istəməsəydim, heç müraciət etməzdim. Məncə, bu məsələdə hər şey açıq-aydın görünür.
- Hansı bölgələrdə döyüşlərdə oldunuz?
- Hazırlıq üçün qısa müddətə təmas xəttində yerləşən N saylı hərbi hissədə qaldım. Sonra isə Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdim. Müharibə bitəndən sonra isə səfalı Zəngilan rayonunundakı hərbi hissədə yerləşdik.
- Müharibəyə qədər cəmiyyətdə belə iradlar dolaşırdı ki, indiki gənclər gedib Qarabağı ala bilməz. Bir gənc olaraq bu iradlara sizin cavabınızı eşitmək xoş olar.
- Bilirsiz, belə əsassız fikirləri bütün gənclərə aid etmək olmaz. Amma belə fikirlərin yanlışlığını zaman və müxtəlif hadisələr sübut edə bilər. Mən birinci dəfədir bu fikri eşidirəm və ətrafımdakı nisbətən daha yaşlı adamlar bu fikirdə deyil. Qarabağ müharibəsi də göstərdi ki, bizim gənclik nəyə qadirdir. Müharibə xatirələrimi dərindən bölüşmək istəmirəm. Döyüş tapşırıqları və gördüklərim hərbi sirdir və bu sirləri mən daim qoruyacağam. Onu deyə bilərəm ki, Qarabağ ərazisinə ayaq basdığımız günün sabahı bizim mövqeləri Qrad tipli raket kompleksləri ilə atəşə tutdular. O gündən sonra müharibəni dərindən dərk etməyə başladım və irəlilədikcə, qəhrəman döyüşçü yoldaşlarımla qələbəyə inamımız daha da artdı.
- Bəs ailəniz sizin qərarınıza necə reaksiya verdi? Adətən analar bu məsələdə həssasdır. Onları anlamaq olar. Bəs atanız sizi müharibəyə yola salarkən hansı  tövsiyə və məsləhətlər verdi?
- Mənim ailəmin heç nədən xəbəri yox idi. Sentyabrın 28-i “hərbi komissarlığ”a getməzdən əvvəl atamla anama hər şeyi izah etdim və onlarla halallaşdım. Ən çox yadımda qalan və heç riayət etmədiyim məsləhət “özünü soyuqdan qoru” oldu.
- Qeyd etdiniz ki, sizin müharibəyə yollanmağınızdan son anadək ailənizin xəbəri olmayıb. Sizcə, ailənizin xəbəri olsaydı, sizi müharibədən yayındırardı?
- Ailəm məni müharibədən yayındırmazdı. Amma müəyyən söhbətlər olacaqdı. Elə günlər olurdu ki, 10-15 gün ailəmlə telefonla danışmaq imkanım olmurdu. Həmin vaxtlarda onların nə hisslər keçirdiyini anlayırdım.
- Sizə də sirr deyil ki, ölkədə fərqli məmur obrazı formalaşıb. Hətta döyüşlərin qızğın vaxtında bəzi keçmiş və hazırkı məmurların övladlarını müharibədən yayındırmaları ətrafında söhbətlər dolaşırdı. Amma sizin müharibədə olmağınız mediada, sosial şəbəkələrdə rezonans doğurdu: vaxtilə nazir olmuş Fərhad Əliyevin oğlu müharibəyə gedib. Güman ki, bu söhbətlər sizə də gəlib çatdı. Bu məsələdə mövqeyinizi eşitmək istərdik.
- Vətən sevgisi, cəsarət, və bacarıq, mülk və səltənətlə bağlı deyil. Vətənpərvər kimi böyüməyimizdə ailəmizin də rolu var. Zamanla isə vətənpərvərlik içimizdə formalaşır. Mənim fikrim belədir. Bəziləri vətən sevgisi barədə fərqli düşünür. Hesab edirəm ki, o fərqli düşüncələr  həmin insanlara aiddir. Məncə bu suala onlar daha dəqiq cavab verə bilər. Müharibədə iştirak etmək isə mənim vətəndaşlıq borcumdur.
- Noyabrın 10-da atəşkəslə bağlı üçtərəfli bəyanat imzalandı. Həmin bəyanatla müharibə başa çatdı. Müharibənin başa çatmasını eşidəndə bunu necə qarşıladınız?
- Müharibənin bitməsini müsbət qarşıladıq. Ətrafımda olan döyüşçülərin hamısı sevinirdi. Ermənistan hərbi kapitulyasiyanı imzalayaraq məğlub olduğunu etiraf etdi. Amma noyabrın 10-na qədər müharibənin hələ uzun müddət davam edəcəyini düşünürdük. Çünki Kəlbəcər, Ağdam, Laçın kimi ərazilərimiz işğaldan azad edilməmişdi. Hər dəfə  torpaqlarımızın azad olunması xəbərini eşidəndə hədsiz sevinirdik.
- Ali təhsilinizi Londonda siyasət üzrə almısınız. Maraqlıdır, niyə xaricdə qalıb işləmək istəməmisiniz?
- 2015-ci ildə London School of Economics-dən (LES) Siyasi elmlər və fəlsəfə üzrə bakalavr dərəcəsində məzun olmuşam. Atama və ailəmə dəstək olmaq üçün Azərbaycandayam. Bacardığım qədər ailəmə kömək olmağa çalışıram. Ailəm məni  böyüdüb bu yaşa çatdırıbsa, onlardan ötrü əlimdən gələni əsirgəməməliyəm.
- Hazırda nə işlə məşğulsuz?
- Hazırda ALCO şirkətinin İdarə Heyətinin üzvü, Xarici əlaqələr şöbəsinin rəhbəriyəm. Çalışıram hər dəqiqəmi dəyərləndirim və faydalı olum.
- Ailə qurmusunuz?
- Xeyr, subayam.
- Atanız vaxtilə məmur olub. Gələcəkdə məmur olmaq istəyərsinizmi?
- Hər şeyi zaman göstərər. Mənim bu barədə danışmağım doğru olmaz.  İnsan düşüncələri stabil deyil, tez-tez dəyişir. İndi məmur olmaq düşüncəsində deyiləm. Gələcəkdə isə nə olacağını söyləyə bilmərəm.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də