Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Amansız qatillərə hökm oxunub - VİDEO

Cinayət törədən qardaşlara ümumilikdə 37 il həbs cəzası verilib.
RegionTV.info  BAKU.TV-yə istinadən xəbər verir ki, 2019-cu il noyabrın 23-də Nərimanov RPİ-nə Nurəddin Süleymanov küçəsi, 1 ünvanında naməlum meyitin tapılması barədə məlumat daxil olub.  Hadisə yerinə RPİ, 18-ci PŞ və rayon prokurorluğunun əməkdaşları cəlb olunublar. Baxış zamanı çökək sahədə yanmış vəziyyətdə kişi meyiti aşkar edilib.

Məhkəmə-tibb eksperti mərhumun üzünə və bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı xəsarətlər yetirildiyini bildirib. Nərimanov rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  Araşdırma zamanı mərhumun Naxçıvan şəhər sakini, 1964-cü il təvəllüdlü Adəm Abdullayev olması müəyyən edilib.  Həmin gün istintaq-əməliyyat yolu ilə ağır cinayəti Gəncə şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş 1986-cı il təvəllüdlü Tuqay Bayramovun törətməsinə əsaslı şübhələr yaranıb.

Bu səbəbdən o, 18-ci PŞ-nə gətirilib və törətdiyi əməli etiraf edib. Ayın 24-də şübhəli şəxs qismində onun qardaşı 1991-ci il təvəllüdlü Xəyal Bayramov saxlanılıb. 3 gündən sonra Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Adəm Abdullayevin meyitinin üzərində 12 ədəd deşilmiş-kəsilmiş yara aşkar edilib. Ölümünə ürəyin zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan beyin toxumasının əzilib, dağılması olub.

İstintaqla müəyyən edilib ki, noyabrın 21-i saat 21 radələrində Tuqay Bayramov işlədiyi və yaşadığı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, 217 ünvanında yerləşən metal qəbulu məntəqəsində olarkən qardaşı Xəyal Bayramovla qabaqcadan əlbir olaraq tanışı Adəm Abdullayevi quldurluqla əlaqədar qəsdən öldürmək və əmlakını ələ keçirmək qərarına gəlib.

Niyyətlərini həyata keçirmək üçün mətbəx bıçağı və dəmir parçası ilə silahlanıblar. Onu küçədə gördükdə, səsləyib çay içmək bəhanəsi ilə kafeyə dəvət edib. Birlikdə piyada gedərkən Ceyhun Hacıbəyli küçəsi, 9 ünvanının qarşısında əvvəl küt alətlə, sonra isə bıçaqla Adəm Abdullayevin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Cibindən mobil telefon, içərisində 1.000 manat pul və bank kartları olan pul qabını götürüb.  Sonra qardaşı ilə birlikdə yerdə huşsuz vəziyyətdə uzanmış Abdullayevi Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsi 1 ünvanındakı boş əraziyə gətiriblər. Orda üzünə 2 dəfə zərbə vuraraq ölməsinə tam əmin olduqdan sonra törətdikləri cinayəti gizlətmək məqsədi ilə neft məhsulunu meyitin üzərinə töküb yandırıb.

Təqsirləndirilən Tuqay Bayramov bildirib ki, Adəm Abdullayevi əlvan metal qəbulu sexində işləməyə başladıqdan sonra tanıyıb. Adəm plastik qablar yığaraq sexə təhvil verib və pulunu alıb. Hər dəfə yığdığı əşyaları qəbul məntəqəsinə gətirəndə pulunu artıqlaması ilə verib. Hadisədən 4-5 gün əvvəl növbəti dəfə plastik qablar gətirəndə ona torbaları boşaldıb baxacağını bildirib. Bu hərəkətindən əsəbiləşən Adəm onu təhqir edib. Aralarında sözlü mübahisə yaranıb və sonra Abdullayev oradan uzaqlaşıb. 

Noyabrın 21-i saat 18 radələrində iş yoldaşı Sübhanla Bayıl qəsəbəsindən məntəqəyə metalları gətiriblər. Daha 1 saatdan sonra qardaşı Xəyala zəng edib özünü piss hiss etdiyini və qızdırması olduğunu deyərək yanına gəlməsini xahiş edib. Məntəqədən çıxıb Dəmir Yol Xəstəxanasına gediblər, lakin qapıda mühafizəçi həkimin olmadığını deyib.

Daha sonra onlar evə qayıdıb. Evdən çıxıb yaşadığı qəbul məntəqəsinə yollanıb. Yarım saat sonra Xəyala zəng edib, onu məntəqəyə çağırıb.
Qardaşına “bir nəfər var, atamızı söyüb, onu cəzalandırmaq lazımdır” deyib. Beləcə onlar cinayət əməlini gerçəkləşdiriblər.
Məhkəmə iclasında Tuqay və Xəyal Bayramovlar ittiham üzrə özünü təqsirli bilməyiblər.

Məhkəmə hesab edib ki, Tuqay Bayramovun və Xəyal Bayramovun cinayət əməlləri istintaq orqanı tərəfindən CM-in 120.2.1-i, 2.4-cü, 2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xüsusi amansızlıqla və quldurluqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tuqay Bayramov 19, Xəyal Bayramov 18 il müddətinə azadlıqdan məhrum olunublar.
QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də