44 günlük Vətən müharibəsində şücaəti ilə düşməni sarsıdan igidlərimizdən biri də Kazımov Xuduş Həsən oğludur.
RegionTV.info xəbər verir ki, o, 1988-ci il sentyabrın 8-də Moskva şəhərində anadan olub. 1995-2004-cü illərdə Gəncə şəhərində M. A. Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Gəncə Texniki Kollecində təhsil alıb.
Xuduş Kazımov 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Xuduş Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Xuduş Kazımov oktyabrın 2-də Murovdağ-Ağdərə istiqamətində şəhid olub. Nəşi 110 gün sonra tapılıb və yanvarın 20-də Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. 5 yaşlı qızı Fatma və 2 yaşlı oğlu Əbdülkərim yadigar qalıb.
Şəhidimizin həyat yoldaşı Əfsanə Kazımova Xuduşla sonuncu telefon zəngindən danışıb:
“Mənlə vidalaşdı. Heç nə soruşmağımı istəmədi. Bir kəlmə dedi ki, Qarabağ məsələsini həll edəcəyik, övladlarımıza qalmayacaq”.
Ətraflı süjeti təqdim edirik:
Xəbəri paylaş