Xəbər verdiyimiz kimi bu gün professor Qəzənfər Paşayevin doğum günüdür.
Q.Paşayev açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün çox sağ olun, əzizim. Şükür, bu yaşda özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır. Sakit həyat sürmüş adam, həmişə sakit olur. Allaha and olsun başımı yastığa qoyanda rahat yatıram”.
Akademik belə gündə ən böyük arzusunun Qarabağa qayıtmaq olduğunu və buna inandığını bildirib:
“Əlbəttə, hamımızın ən böyük arzusu odur ki, torpaqlarımız işğaldan azad olunsun və biz o yerlərə qayıdaq. Mən belə hiss edirəm ki, bu olacaq. Çünki yeni xarici işlər nazirimizin danışığına fikir verdim və ilk növbədə fəxr etdim ki, belə savadlı gənclərimiz var, mən Ceyhun Bayramovu nisbətən gənc hesab edirəm. Lavrovla necə danışmasına da baxdım, məsələni də açıq şəkildə ortaya qoydu və bildirdi ki, bizə danışıq xatirinə görüş lazım deyil, iş əməldə olmalıdır. Bununla yanaşı, bu gün Türkiyə-Azərbaycan yaxınlaşması, birgə təlimlərin keçirilməsi bir çox ölkələri narahat edir. Avropa dövlətləri də bundan narahatdır. Hər gün bir şey tapırlar, amma heç nə edə bilməyəcəklər. Türkiyə qardaş ölkədir, güclü dövlətdir və biz də gün-gündən güclənirik”.