Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
RegionTV.info xəbər verir ki, Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyat zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.
Baş İdarə əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram psixotrop maddə metamfetamin, həmçinin 1100 ədəd güclü təsiredici xassəyə malik “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Altay Əhmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, narkotik vasitələri Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Altay Əhmədov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri, eləcə də ölkə ərazisində müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Qeyd edək ki, saxlanılan şəxs narkotik vasitələrin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və digər bu kimi maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. O, narkotik vasitələrin satışını təşkil edən zaman tanınmamaq və gizliliyini qorumaq üçün ünsiyyətdə olduğu şəxslərə özünü “Bağban” adı ilə təqdim edirmiş.
Altay Əhmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xəbəri paylaş