1 dollara 47 milyon qazanan azərbaycanlılar kimlərdir? - Sabiq nazir
Tarix: 9-02-2021, 11:19 Xəbərə baxış: 130
Dünyaca ünlü nəhəng "Tesla" şirkəti bitkoin kriptovalyutasına böyük yatırım edib. Bu durum dünya iqtisadiyyatına, fond birjalarına tətikləyici təsirlər göstərib. Sabiq nazir, professor Saleh Məmmədov facebook hesabından bu mövzuya toxunub.
RegionTV.info həmin açıqlamanı təqdim edir:
"Nəhayət, "Tesla" 1,5 milyard dollarlıq rəqəmsal valyuta -kriptovaltuta olan bitkoin aldı və bitkoinin sərbəst tədiyyə vasitəsi kimi istifadə etməyə qərar verdi. Bu qərardan sonra bitkoinin kursu yeni rekord qırmağa başladı. Bu dəqiqələrdə bitkoinin kursu bir ABŞ dolları üçün 47185 dollara çatdı. Müqayisə üçün bildirək ki, 2010-cu ildə bu təmiz elmi -maliyyə mühəndisliyi elminin məhsulu olan bitkoin bir dollar 1000 Bitkoinə satılırdı. İndi əksinə bir bitkoin 47185 dollara satılır. Deməli, 2010-cu ildə bu elmi məhsula bir dollar investisiya edən şəxs bu gün 47 milyon 185 min dolların sahibidir, yəni, bu istiqamətdə elmə qoyulan hər dollar min dəfə deyil, 100 min dəfə də deyil, 47185000 dəfə çox gəlir verir. Onu da deyim ki, bitkoin maliyyə mühəndisliyinin sırf elmi məhsuludur, blokçeyn texnologiyalarında hazırlanıb, arxasında heç bir qızıl, brilyant, platin və ya ABŞ, Avropa və ya Yaponiya iqtisadiyyatı durmur. Yalnız yeni elm sahəsi olan maliyyə mühəndisliyi durur, güclü müdafiə sistemi var.
Bəs Azərbaycanda belə çox yüksək gəlir mənbəyi olan elm və xüsusilə maliyyə mühəndisliyi elminə münasibət necədir? Təəssüf ki, digər müsəlmanlardan heç də fərqlənmir, hətta, Malaziya, Türkiyə, BƏƏ kimi müsəlman ölkələrindən də xeyli qeyri qalır. Dünya ölkələri içərisində yeganə ölkədir ki, elmə çəkilən məsrəflər son 35 il ərzində artmayib, əksinə, ÜDM-nin sürətlə artmasına baxmayaraq, elmi xərcləri mütləq həcm etibarilə xeyli azalıb (1985-ci ildə 150 milyon dollar, 2019-cu il 110 milyon dollar). Bu ərəfədə, digər ölkələrdə, məsələn, İsrail, Sinqapur, C. Koreyanın elm xərcləri 100 dəfədən çox artmışdır. Bu artım tempi Azərbaycana tətbiq olunsaydı Azərbaycanın elm xərcləri bu gün 15 milyard dollar olmalı idi. Əslində, bu məntiqə tam uyğun olardı, belə olan halda ÜDM də, 43 milyard dollar deyil 10 dəfə çox olardı.
İsrail ildə elmə bütün 57 müsəlman ölkəsindən xeyli çox vəsait xərcləyir (20 milyard dollar), C. Koreya isə elmə bütün müsəlmanlardan beş dəfə çox pul (95 milyard dollar) xərcləyir. Yalnız C. Koreya şirkəti olan Samsung 1,5 milyardlıq müsəlman ölkələri qədər elmə pul xərcləyir. İsrailin adambaşına düşən elm xərcləri 2300 dollar təşkil edir, Azərbaycanda isə bu rəqəm 11 dollara çatmır.
Azərbaycanda yeni elmi istiqamətlər üzrə kadr hazırlığı da eyni vəziyyətdədir. Hələ heç bir universitet elm və təhsilin yeni sahələri üzrə kadr hazırlığına başlamayıb, dördüncü sənaye inqilabının aparıcı lokomotivi olan data sayəntistlər, koqnitiv sayəntistlər, maliyyə mühəndisləri, maliyyə texnoloqları və s. ixtisasları üzrə ölkədə bir nəfər olsa belə mütəxəssis hazırlanmır, bir səhifə belə tədqiqat aparılmır, heç olmasa bir fənn kimi tədris olunmur. Halbuki, Qərb universitetində (hətta MDB ölkələrində var) bu proses 15-20 il əvvəl başlayıb".