Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

General: “Hərbi əməliyyatlar reallaşa bilər”

RegionTV.info 
Türkiyənin Qars bölgəsində, Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən “Qış təlimi-2021" təlimləri davam edir. Məlumata görə, keçirilən manevrlərin məqsədi birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir.
 
Fevralın 1-dən start götürən və 12 gün davam etdirilməsi nəzərdə tutulan “Qış təlimi-2021" birgə təlimlərinin artıq aktiv fazası başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin ssenarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər. Türkiyə Milli Müdafiə Nazirliyi isə möhtəşəm hərbi təlimlərlə bağlı ”Twitter" səhifəsində video paylaşıb. Sözügedən videogörüntü “Qartal olub süzülür göydə, aslan olub kükrəyir yerdə, bir dastandır könüllərdə” şüarı ilə yayımlanıb.
 
Qeyd edək ki, təkcə 2020-ci ilədək Azərbaycan və Türkiyə birgə hərbi təlimlərin sayını 20-yə çatdırmışdı. Ötən il keçirilən və Azərbaycanın əksər bölgələrini əhatə edən genişmiqyaslı və böyük kontingentli hərbi təlimlər Ermənistanın Tovuz rayonu istiqamətindən həyata keçirdikləri təxribatlardan sonraya təsadüf etdi. O zaman Azərbaycan Ordusu düşmənin xain hücumunun qarşısını aldı. Ancaq bundan dərs çıxarmayan Ermənistan avqust ayında diversiya cəhdinə əl atdı. 27 sentyabrda isə xain hücumunu Qarabağ üzərindən həyata keçirməyə çalışdı. Nəticədə düşmən darmadağın edildi. Azərbaycan Ordusunun Türkiyə ordusu ilə birgə təlimlərindən sonra, həm də Türkiyənin möhtəşəm silahı - “Bayraktar”dan istifadə etməklə həyata keçirdiyi əks-hücum əməliyyatları dünyanın aparıcı ölkələrində belə müzakirə mövzusudur, hətta NATO-da Azərbaycanın hərbi təcrübəsi araşdırılır. Lakin heç şübhəsiz, dayanmaq olmaz, çünki düşmən ölkə də Azərbaycanın istifadə etdiyi metodlara bələddir artıq və elə döyüş təcrübələri əxz olunmalıdır ki, növbəti mərhələdə hər hansı təxribat olarsa, düşmənə öldürücü zərbələr endirilsin.
 
Dövlət başçımız xəbərdarlıq edib ki, əgər düşmən növbəti dəfə təxribatlara əl atarsa, o halda 44 günlük dərs yeni baş verənlərin yanında “toya getməli” olacaq. Ancaq belə görünür ki, həm Ermənistandakı, həm də Qarabağdakı revanşist qüvvələr, terrorçular yenidən baş qaldırmaqda, sərsəm iddialarını səsləndirməkdədirlər. Xüsusilə də Qarabağdakı terrorçu rejimin başçıları Araik Arutyunyan və Vitali Balasanyan son günlər ardıcıl şəkildə Xankəndi şəhərinin mərkəzində Azərbaycan bayrağının qaldırılacağı, qondarma qurumun “ordu”sunun və oyuncaq “dövlət qurumları”nın ləğv ediləcəyi haqda ermənilər arasında yayılan xəbərləri israrla təkzib edirlər. Bunlar hələ anlamaq istəmirlər ki, keçmiş Dağlıq Qarabağ ərazisi daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilər Azərbaycanın sərhədlərinə daxildir və Ermənistanla Azərbaycan arasında aparılan demarkasiya prosesi də bunu təsdiqləyir. Heç şübhəsiz, əgər terrorçu dəstə ağlını başına yığmasa, sərt metodlar işə salınacaq.
 
Belə yanaşma var ki, Ermənistanla həmsərhəd bölgədə, Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına hesablanıb. Bəs ekspertlərimiz necə düşünür, ötən il olduğu kimi, indi də hələlik erməni silahlılarının mövcud olduğu torpaqların azadlığı üçün növbəti hərbi əməliyyatlar başlaya bilərmi?
 
İrəvan Mühacir Hökumətinin başqanı, politoloq Qafar Çaxmaqlı bildirdi ki, Azərbaycanın Türkiyə ilə qış hərbi təlimlərində iştirak etməsi ilk dəfədir ki, baş tutur: “Türkiyənin qış şərtlərində belə hərbi əməliyyatlar aparmaq təcrübəsi var və şaxtalı havalarda PKK-ya qarşı aparılan əməliyyatlar hərb sənətinin müasir örnəkləridir. Bilirsiniz, 1914-cü ildə Birinci Dünya müharibəsində Qarsın Sarıqamış ilçəsində 90 min Türk əsgərinin faciəli şəkildə donaraq ölməsi Osmanlı ordusunun məğlubiyyətini gətirmişdi. Hər il Sarıqamışda bu faciəli tarix anılmaqdadır. Qarsda indi 15 dərəcəyə qədər şaxta var. Belə bir şəraitdə ”Qış-2021" təliminin keçirilməsi elə-belə deyil, təcrübə baxımından Azərbaycan üçün çox önəmlidir". Ancaq Q.Çaxmaqlı ayrıca bu təlimlərin Ermənistanla əlaqələndirilməsini düzgün hesab etmir. Ancaq istisna etmir ki, burada Ermənistanın da götürməli olduğu dərslər var: “Bölgəmizdə çox mürəkkəb proseslər gedir. 2021-ci il çətin il olacaq. Ermənistanda isə 44 günlük savaşda məğlubiyyətin səbəbini Türkiyədə görürlər. Bəzi siyasətçilər Türkiyənin yalnız Qarabağla kifayətlənməyəcəyini deyir və illər ərzində Türkiyəyə qarşı Ermənistanın və erməni diasporunun apardığı ideoloji düşmənçilk siyasətini bağışlamayacağını söyləyirlər. ”Armnews TV“ kanalının populyar aparıcısı, hər gün efirə çıxan Abraham Qasparyan o fikirdədir ki, ”Ermənistanın dövlətçiliyi təhlükə altına düşüb. Əgər Türkiyə belə bir qərar vermişsə, bunu edəcək". Bu, təkcə bir yorumçunun fikri deyil. Məğlubiyyət həqiqətən Ermənistanı ağır siyasi çıxılmaza salıb. Ordu məhv olub, ölkəyə investisiya gəlmir, turizm yox, iqtisadi imkanlar məhdud. Rusiyaya mövsümi işlərə gedənlər ac-yalavac evdə oturublar, ölkənin yenidən özünə gəlib dövlət olması çətin məsələdir. Pandemiyadan sonra insanların bu ölkəni tərk edəcəyi gözlənilir... Siyasi krizis isə gündən-günə dərinləşir. Paşinyan getmir, müxaliflərin isə arxasında elektorat yoxdur. Ermənistanda durum belədir. Əlbəttə, ermənilər bu təlimlərin məqsədinin nə olacağını bilmədən belə, İrəvanı itirəcəklərindən qorxurlar, Ermənistan dövlətinin tarix səhnəsindən silinəcəyindən əndişə edirlər. Deyənlər var ki, Rusiya bu dövlətin yaşama qarantı deyil. Rusiyanın öz maraqları var. Bu maraqlar da bəzi hallarda Türkiyənin maraqları ilə üst-üstə düşür". Politoloq bir məqama da diqqət çəkdi: “Hərbi təlimlərin keçirildiyi Qars Gümrüyə yaxın bir ərazidədir. Burada isə Rusiyanın 102 saylı bazası var. Qarabağda öz sülhməramlı missiyasından kənara çıxan Rusiya üçün də bu təlimlər bir mesajdır. Qarabağda veriləcək qərarda arxa planda qalan Türkiyə basqılarını artırmaqdadır. Bu müharibədəki parlaq qələbə Azərbaycan Ordusunu da söz sahibi etmişdir. Türkiyə- Pakistan-Azərbaycan hərbi ittifaqının yaranması və Türkiyənin bu təlimlərində bizimkilərin də iştirakı ermənilər üçün qorxulu bir röyadır”.
 
Qafar Çaxmaqlı hesab edir ki, Qarsda keşirilən təlimlər ordularımızın qış şərtlərində aparacağı hərbi əmliyyatlarda birgə hərəkət manevrləri üçün bir sınaqdır: “Həm də bu şərtlər çərşivəsində yeni texnolojiyə əsaslanan silahların yoxlanmasını həyata keçirməkdir. Yay təlimlərindən sonra Qarabağda əməliyyata start verildi. O zaman da gözlənilməz idi. Arxa planda hansı proseslərin getdiyinin fərqinə varsaq, Ermənistan aldığı zərbədən hələ özünə gəlməsə də ”itirdiyi əraziləri geri qaytarmaq" fikrindən vaz keçməyib. Aktiv şəkildə ordu quruculuğuna başlayıb, yeni silahlar alır, nəyəsə hazırlaşır. Srağagün müdafiə naziri keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama vermədi. Bu, onu göstərir ki, Ermənistan hansısa “rus planı”nın içərisində yer alıb. Rusiya ilə Türkiyə arasında indilik problemlər olmasa da, qarşıdakı aylarda ABŞ-ıın Türkiyəyə yönəlik siyasəti bu müttəfiqliyi poza bilər. ABŞ "S-400"lərdən imtina etməsini Türkiyədən açıq şəkildə tələb edir. Türkiyənin Liviya, Suriya və Aralıq dənizində apardığı siyasət Amerikanı təmin etmir və ona qarşı bir çox arqumentləri işə salır. Bölgəmizdə mürəkkəb proseslər gedir, bu bizim ordunun daha da güclənməsini tələb edir. Təbii ki, Türkiyə ilə birgə təlimlərimiz bir çox məsələləri həll edəcəyimizə stimul verəcək".
 
General-leytenant Yaşar Aydəmirov “Yeni Müsavat”a bildirdi ki, təcrübələrin qazanılması baxımından birgə təlimlərin mühüm əhəmiyyəti var: “Necə ki, cərrah mütəmadi şəkildə cərrahiyyə əməliyyatları aparmasa, bacarığını itirir. Hərbi təlimlər də elədir. Unutmayaq ki, Türkiyə ordusu dünyanın ən elit 10 ordusundan biridir. Çoxları Türkiyə ordusunun təcrübələrindən - elə ”Bayraktar"ı, digər məsələləri götürək - öyrənirlər. Ona görə də bizim Türkiyə ordusundan götürəcəyimiz döyüş təcrübələri çoxdur. Bu mənada durmaq olmaz".
 
General şübhə etmir ki, hərbi təlimlərin ardınca hansısa hərbi əməliyyatlar reallaşa bilər. Hərbi ekspert birgə təlimləri revanş hissi ilə yaşayan ermənilərə xəbərdarlıq kimi də qəbul edir: “Döyüş təlimləri deyəndə mənim əhval-ruhiyyəm yüksəlir. Çünki döyüş təlimlərindən sonra ancaq müharibələr olur. Ermənilər yaddan çıxartmasın ki, Türkiyə Silahlı Qüvvələrinin bir diviziyasının istənilən anda Naxçıvan Muxtar Resıpublikası ərazisinə daxil olmağa ixtiyarı var. Bu zaman Türkiyə heç bir xarici dövlətdən də icazə alan deyil. Ermənilər düşünürlərsə ki, bu diviziya Naxçıvana girsə, başqa iş görməyəcək, böyük səhv edirlər. Biz Mehri dəhlizini unutmamışıq. Azərbaycanın hər bir zabit və əsgəri bilir ki, o torpaqlar da bizimdir, Zəngəzurdan tutmuş, Göyçəyə, yuxarı hissəyə qədər. Bizimçün heç bir problem yoxdur. 44 günlük müharibə göstərdi ki, siyasi-diplomatik cəhətdən də kimsə bizim işimizə müdaxilə edə bilməz. Bacarsaydılar, edərdilər. O zaman Minsk Qrupunun üzvləri açıq şəkildə deyirdilər ki, biz Azərbaycan Ordusunun Qarabağda hərbi əməliyyat keçirməsinə imkan verməyəcəyik. Nə oldu? Digər addımların da zamanı yetişəcək, erməni təxribatçılar özləri bu mühiti sürətlə yaxınlaşdırırlar”.
 
Y.Aydəmirov şübhə etmir ki, Qarabağdakı erməni quldurları müəyyən qüvvələr tərəfindən idarə olunur: “Hər hansı bir erməni təxribatı bizə sərf edir. Bunlar hansısa təxribatçı fikirlər söyləyirlərsə, sabah Xankəndinə, Xocavəndə, Əsgərana, Xocalıya girməyə şans yaranır. Heç kimin şübhəsi olmasın ki, qısa müddətdə ordumuz bütün o yaşayış məntəqələrini bir neçə istiqamətlərdən hücum edərək alacaq. Bunu ordumuz 44 günlük döyüşlərdə də sübut edib. Bu mənada Xankəndi və digər əraziləri azad etməyimiz üçün heç bir problem yoxdur. Biz 44 günlük müharibədə klassik müharibə üsullarını tam kənara atdıq. Müharibəni udan bizim həmlə taborları, xüsusi təyinatlılar olub. Düşmən illər boyunca elə yüksək zirvələrdə möhkəmləndirilmiş rayonlar yaratmışdılar, ancaq biz atıcı silahlarla həmin mövqeləri və qüvvələri məhv edib, strateji məqsədlər üçün hücuma davam etdik. Baxmayaraq ki, onların silah-sursat və maddi təminat məsələləri yüksək səviyyədə idi, muzdlular cəlb olunmuşdu, amma Azərbaycanın qəhrəman ordusuna məğlub oldular”. General yaradılmış Birgə Monitorinq Qrupunun vəziyyəti izlədiyini də vurğuladı: “İnşallah, yaxın vaxtlarda bizim sərhədçilər də,  gömrük də sərhəd bölgəsində möhkəmlənəcək və orda hər şey bitəcək, Qarabağa hər kəs daxil ola bilməyəcək”. Hərbi ekspert əmindir ki, Qarabağda antiterror əməliyyatı başlayarsa, təmizləmə prosesi sonadək davam edəcək: “Hər bir ağacın, hər bir daşın altı təmizlənəcək. Xankəndinin bütün nöqtələri, hətta zirzəmiləri də diqqətlə yoxlanılacaq”
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Qars müqaviləsinin 100 illiyi muxtar respublikada qeyd ediləcək. Xatırladaq ki, Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyinə Türkiyənin təminat verməsini nəzərdə  tutur, ermənilərə bu tarixi həqiqəti də xatırlatmaqda fayda var.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də