RegionTV.info
Azərbaycan bayrağı Xankəndidə dalğalanacaq;
Qarabağda separatçı hərbi birləşmə ləğv olunacaq;
Bu iki xəbərə Qarabağdakı separatçıların münasibəti fonunda Xankəndidə hələ də qalan siyasi terrorçuların qarşıdurması açıq görünür.
Vitali Balasanyan və Araik Arutyunyan: birincisini ruslar gətirdi, ikincisi rusların çətiri altına girməyə çalışır. Bu, həm də rusların Qarabağda siyasi oyunlar oynadığına dəlalət edir.
Xocalı qatili Balasanyan dekabrın 2-də separatçıların “təhlükəsizlik şurasının katibi vəzifəsinə” qayıtdı. Onun qayıdışında əsas şərt separatçı hərbi birləşmələrin bütövlükdə idarəçiliyinə verilməsi idi.
İstəyinə nail olduqda sonra Balasanyanın iki istiqamətdə açıqlamaları diqqət çəkir:
1. Hadrutu yenidən qaytaracağıq;
2. Qarabağdakı ermənilərə rus pasportlarının verilməsi mümkündür;
Bu açıqlamalar “vəzifəyə” qayıdan Balasanyanın “əzələ nümayişi” olması ilə yanaşı, həm də rusların istədiyi performansı göstərməsi idi. Xankəndi və separatçı “ordu” ilə bağlı xəbərlərə ilk reaksiyanın Balasanyanın verməsi də missiyasının davamı hesab oluna bilər. Balasanyandan dərhal sonra Araik müdaxilə etdi və eyni təkzibi təkrarladı.
Moskva Ermənistanda müxalifəti Koçaryanın çətiri altında toplayır, Qarabağda keçmiş klanın nümayəndəsi Balasanyanı aktivləşdirir: Robertin müxalifəti bir masada toplaması, Balasanyanın iddialı açıqlamaları, xüsusilə Hadrutla bağlı dedikləri rusların “ev tapşırığı”dır.
Bunun fonunda Araik “sağ qalmağa” çalışır: İrəvanda Paşinyanla birgə hərəkət edir, Moskvada “müstəqil oyunçu” kimi davranır və hazırda Balasanyanla eyni çatının altında düşmən mövqedədir.
Bu qarşıdurmanın şiddətlənəcəyi qaçılmazdır, xüsusilə Qarabağdakı silahlı birləşmələrin çıxarılması prosesi fonunda.
Hər iki tərəf – Araik və Balasanyan rusların Qarabağda mümkün ssenarisinin əsas iştirakçısı olmaq istəyir:
Xankəndidə hansısa status-kvo olacaqsa, öz mövqelərini qorumaq;
Bölgədən çıxacaqlarsa, Rusiyada yaşamaq imkanı əldə etmək: hər iki şəxsin Moskvada biznesi var;
Bakının mövqeyi, imzalanmış sənədlər, türklərin gəlişi və hadisələrin inkişafına dair xəbərlər separatçıların bölgədən çıxacağı yönündədir.
Hadisələrin bu istiqamətdə inkişafı sürətləndikcə, ruslar daha yüksək qazancla çıxmağa çalışır və separatçılara verilən dəstək də onlardan rıçaq kimi istifadə etməyə hesablanıb.
1. Bakı və Ankara ilə əyləşdiyi masada əlavə güzəştlər əldə etmək: bu bölgədə iqtisadi dividendlər və gələcək siyasi addımlarla bağlıdır;
2. Erməni əhalinin Hadruta da qayıtmasını təmin etmək: qapalı danışıqlarda bu istəyin irəli sürüldüyü ehtimalı yüksəkdir;
Bakı ruslara hansısa iqtisadi imkanlar aça bilər, bölgədə yaradılan yeni platforma çərçivəsində bu mümkün variantdır. Hadrut məsələsində isə geri çəkilmir və çəkilməyəcək də. Ermənilərin yaşaması üçün ayrılan ərazilərdə “yeni hadrut” qəsəbəsinin salınması da rusların istəyinin baş tutmadığını göstərir. Hərçənd, bu adda qəsəbənin yaradılması həm də Hadruta iddiaların davam edəcəyi deməkdir.
Xəbəri paylaş