"2021-ci il dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərcləri ilə bağlı 2 milyard 31 milyon 700 min manat vəsait ayrılıb. Bu əvvəlki illə müqayisədə 21,6 faiz çoxdur və bütövlükdə büdcə xərclərinin 7,7 faizi qədərdir. Bu məbləği əslində icraçılar- "Azərsu" ASC, "Azərenerji" ASC, "AZAL", "Azərbaycan dəmir yolları" QSC, "Meliorasiya və su təsərrüfatı" ASC, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi və başqaları qaytarmalı idi. Amma onların əvəzindən büdcə - yəni biz, siz, vergi ödəyiciləri ödəyir. Bu məbləğ hesabına pensiyaları ən azı 50 faiz artırmaq olardı".
RegionTV.info-nun xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.
Q.İbadoğlunun sözlərinə görə, hazırda 1 milyon 160 min nəfər pensiyaçının təqaüdlərinin 11,4 faiz indeksləşdirilməsinə yönələn məbləğ 441 milyon manatdır ki, bu da dövlət büdcəsindən xarici dövlət borcuna xidmət edilməsi xərclərindən 5 dəfəyədək azdır: “Dövlət məmurlarının villaya, qızıla, brillianta, ailə biznesinə və səyahətlərinə xərclərdiyi, xarici banklarda depozitə qoyduğu xarici borcları yalnız biz deyil, gələcəkdə övladlarımız da onların əvəzindən qaytaracaq”.
Xəbəri paylaş