Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda sosial və hгmanitar sahənin inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir.
Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 16 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond ümummilli liderin nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü genişmiqyaslı işlər hər kəsə əsl örnəkdir: "Azərbaycanın birinci xanımının fəaliyyətini beynəlxalq təşkilatlar da yüksək dəyərləndirirlər. Faktlarda da bunu aydın görə bilərik. Belə ki, Mehriban xanım 2004-cü ildə UNESCO-nun, ondan cəmi iki il sonra ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldü. 2007-ci ildə «Qızıl ürək”» Beynəlxalq mükafatını alıb. Həmin ildə Ümumdünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülüb. 2009-cu ildə «XXI əsrin böyük qadını»” laureatı olub. 2010-cu ildə Fransanın «Şərəf legionu»” ordeninə və UNESCO-nun «Qızıl Motsart»” medalına layiq görülüb. Mehriban xanım müxtəlif din mənsublarına xoş münasibət və qayğı göstərməklə də beynəlxalq aləmin diqqətini çəkib. Bu səbəbdəndir ki, Mehriban xanıma «Əsrlərin xeyriyyəçiləri»” Beynəlxalq Fondunun «Yaqut Xaç» ordeni verilib, Rus Pravoslav Kilsəsi onu II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib."
Mehriban xanım Əliyevanın ümumbəşəri, ölkəmiz və regionların inkişafı istiqamətindəki xidmətləri 2017-ci ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev məhz reallıqlara söykənərək Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu fikirləri səsləndirmişdi: “Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda, səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır.» Mehriban xanım Əliyevanın gördüyü işlərin dövlətə, xalqa verdiyi səmərə ölçüyəgəlməz dərəcədə dəyərli və əhəmiyyətlidir. Ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan addımlar sırasındandır. «Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir» söyləyən Mehriban xanım Əliyeva humanizmi, xeyirxahlığı hər addımında öndə saxlayır."
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində regionların inkişafı da mühüm yer tutur. Belə ki, son illərdə Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə Goranboy və Naftalanda da genişmiqyaslı işlər həyata keçirilib. “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəbinin tikinti işləri surətlə davam etdirilir.
Sonda doğum günü münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanı öz adımdan və təmsil olunduğum 96 saylı Goranboy-Naftalan seçki dairəsinin seçiciləri adından səmimi qəlbdən təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban xanıma cansağlığı və ailə səadəti arzulayıram.
Uca Tanrı cənab Prezident İlham Əliyevi, Sizi və Azərbaycan xalqını qorusun!
Anar MƏMMƏDOV
Milli Məclisin deputatı