Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avtobus sürücüsünü vuran sərnişini hansı cəza gözləyir?- Ekspertlər danışdı...






Xəbər verdiyimiz kimi Bakıda 13 nömrəli marşurut xətti üzrə avtobusun sürücüsü sərnişinə tibbi maskadan düzgün istifadə etməyi tövsiyə etsə də, sərnişin buna məhəl qoymayaraq sürücünü vurub. 

Moderator.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov sərnişinin sürücüyə qarşı bu cür hərəkətinin yolverilməz olduğunu bildirib:

“Əlbəttə, sərnişinin sürücüyə qarşı bu cür hərəkəti yolverilməzdir. Vəziyyətdən asılı olaraq hüquq-mühafizə orqanları buna hüquqi qiymət verəcəklər. Hətta ola bilsin ki, burda cinayət xarakterli əməl ola bilər. Çox ağır inzibati xətadır, ortada döyülmə faktı var. Burda konkret olaraq sərnişin tərəfindən sürücüyə zor tətbiq edilib. Həmin sərnişin açıq-aşkar görünür ki, həm ictimai qaydanı, həm karantin rejimini, həm də sürücüyə zərbə endirir. Görüntülərdə sürücü maskanı düzgün taxmayıb və buna görə inzibati xətalar məcəlləsinin 211-ci maddəsinin tələblərini pozub. Sərnişin ya inzibati xətalar məcəlləsinin 157-ci maddəsinə əsasən döyməyə görə məsuliyyətə cəlb oluna bilər, ya da ictimai qaydanı kobud sürətdə pozarsa, onda inzibati xətalar məcəlləsinin 510-cu maddəsiylə xırda xuliqanlığa görə məsuliyyətə cəlb oluna bilər”. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə saytımıza açıqlamasında hadisənin artıq nəzarətə götürüldüyünü bildirib:

“Bu hadisə artıq tərəfimizdən nəzarətə götürülüb. 13 saylı avtobusda sərnişinin maskaya görə sürücüyə güc tətbiq etməsiylə bağlı araşdırma aparılır. Aidiyyatı üzrə tədbirlərin görülməsi üçün məlumat verilib. Hər halda bu yaxşı əlamət deyil. Bir daha sizin köməyinizlə vətəndaşlara müraciət edirik. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən və ölkədə elan edilən karantin rejiminə görə hər kəs özü-özünü qorumalıdır. Ən vacib şərt hər kəsin özünün öz sağlamlığının qaydasına qalmasıdır. Nəzər alsaq ki, qapalı şəraitdə, avtobusda yoluxma halları daha tez baş verir, vətəndaşlar daha diqqətli, bir-birilərinə qarşı həssas olmalıdırlar. Çalışmalıdırlar ki, tələbləri yerinə yetirməklə həm özlərini, həm də ətrafdakıların həyatlarını qorusunlar. Ona görə hər bir hərəkət iştirakçısından xahiş edirik ki, diqqətli olsunlar və bu tələbləri yerinə yetirsinlər ki, belə xoşagəlməz hallar yaranmasın”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də