Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fikrət Yusifov: Vergi sistemində elektron xidmətlər və elektron uçota keçid kölgə iqtisadiyyatının aradan qaldırılmasının ən düzgün yoludur...



Elektron xidmətlərin əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılmasında başlıca məqsəd, dövlət qurumları tərəfindən göstərilən xidmətlərdən vətəndaşların məmnunluğunu artırmaqdır. Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi portallar vasitəsilə tətbiq edilir.
Bu gün dünyada idarəetmənin və xidmətlərin elektron hökumətlər vasitəsilə həyata keçirilməsi sürətlə genişlənir. Bu sırada Azərbaycan da qabaqcıl ölkələr sırasında olmaq istiqamətində mühüm addımlar atır. Hal hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış elektron hökumət vasitəsilə yüzlərlə əməliyyatlar həyata keçirilir. Bu xidmətdən demək olar ki, bütün dövlət qurumları istifadə edirlər. Qarşıya qoyulan əsas hədəf elektron qaydada həyata keçirilən xidmətlərin çeşidini maksimum artırmaqdan ibarətdir.
Elektron xidmətlərin həyata keççirilməsi sahəsində ən yaxşı təcrübə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti departamentinə aiddir. Elektron vergi xidmətlərini həyata keçirmək məqsədilə yaradılmış “İnternet Vergi İdarəsi” portalında elektron xidmətlərdən istifadə etməklə bağlı bütün təlimatları almaq mümkündür. Hal hazırda vergi ödəyicisi yaratdığı elektron kabinet vasitəsilə 60-dan çox xidmətdən elektron qaydada istifadə etmək imkanına malikdir və bu xidmətlərin əhatə dairəsi getdikcə daha da genişləndiriləcəkdir.
Vergi sistemində 2019-cu ilin yanvar ayından başlanan islahatlar və və parallel olaraq vergi xidmətlərinin elektronlaşdırılması, ölkədə kölgə iqtisadiyyatının sürətlə azalmasına gətirib çıxartdı. Bunu faktlar daha yaxşı təsdiq edir. Belə ki, vergi və gömrük sistemində aparılan islahatlar nəticəsində ötən 2019-cu ildə büdcəyə əlavə olaraq bir milyard manat vəsaitin daxil olması təmin edilib. Kölgə iqtisadiyyatının aradan qalxdığını təsdiq edən konkret faktlar isə islahatlar nəticəsində vergi ödəyicilərinin sayının kəskin artmasında öz əksini tapır. İqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədilə özəl sektorun vergi yükünün əsaslı şəkildə azaldılması və vergi xidmətlərinin elektronlaşması son nəticədə iqtisadiyyatın kölgədən çıxarılmasına öz töhvəsini verdi. Bu prosses 2020-ci ildə də davam edir.
Koronavirus pandemiyasının dünya iqtisadiyyatına yaşatdığı problemlər fonunda demək olar ki, dünyanın bütün ölkələrində iqtisadiyyat resessiya yaşayır. Bu sırada Azərbaycan da var. Lakin Azərbaycan iqtisadiyyatında bu dönəmdə belə 2019-cu ilin əvvələrindən start verilmiş islahatlara uyğun iqtisadiyyatın şəffaflaşması prossesi davam edir. Bunu konkret olaraq ölkənin qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri bir daha sübut edir. Belə ki, ötən ilin 5 ayına nisbətən cari ilin 5 ayı ərzində qeyri-neft Ümumi Daxili Məhsulunun həcminin 2,1% azalmasına baxmayartaq, elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 6,8 faiz artmışdır. İqtisadiyyatda azalmaların baş verdiyi bir dönəmdə bu göstəricinin artması bilavasitə dövriyyələrin şəffaflaşması prossesinin davam etməsi nəticəsində mümkün ola bilib. Ölkə iqtisadiyyatının ayrı ayrı sahələrində bu rəqəm ötən ilin eyni dövrü ilə müqaisədə 15%-ə qədər yüksəlib. Müqaisə olunan dövrdə özəl sektor üzrə əlavə dəyər vergisinin depoziti hesabına mədaxil də 6,8 faiz artıb, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı isə ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır. Bütün bu göstəricilər bir daha sübut edir ki, Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatında şəfaflaşma prossesi sürətlə davam edir və bu bizə əsas verir deyək ki, postpandemiya dönəmində iqtisadiyyatda daha uğurlu nəticələrin qazanılmasının əasaları kifayət qədər möhkəm olacaqdır.
Fikrət Yusifov “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də