Ələsgər Məmmədli: ““Space” televiziyasının Azərbaycanda kinosevərləri çıxmaq şərti ilə, ciddi auiditoriyası və izləyici kütləsi yoxdur”.
“Space” televiziyasının rəhbəri Vaqif Mustafayevin vəzifəsindən istefa verməsi uzun müddətdir normal fəaliyyət göstərməyən kanalın yenidən dirçələcəyinə ümidləri artırıb. 2006-cı ildən kanala rəhbərlik edən Mustafayevin 15 il ərzində televiziyanın fəaliyyətini demək olar ki, iflic vəziyyətə saldığı heç kimə sirr deyil. Ancaq son günlər sözügedən televiziyaya peşəkar kadrların cəlb edilməsi, idarəetmədə həyata keçirilən yeniliklər, “Space”nin sözün əsl mənasında “sevimli kanal”a çevriləcəyinə ümidləri artırıb.RegionTV.info xəbər verir ki, Media üzrə ekspert Ələsgər Məmmədli açıqlamasında bildirib ki, 1997-ci ildən fəaliyyət göstərən bir televiziyaya 15 il rəhbərlik edən bu şəxsin kanalı çox geriyə apardığı açıq şəkildə ortadadır: “Space” Azərbaycanın efir məkanına daxil olanda, ölkədə güclü özəl kanallar mövcud idi. Bunların rəqabətinə tab gətirmək, dayanıqlı bir televiziya qurmaq üçün yüksək peşəkarlıq tələb olunurdu. İlk vaxtlar bu rəqabət mühitinə daxil olan televiziya sonradan kinojurnal və xronika təqdim edən auidiovizual görüntü halına gəldi.
Düşünürəm ki, “Space” televiziyasının Azərbaycanda kinosevərləri çıxmaq şərti ilə, ciddi auiditoriyası, izləyici kütləsi yoxdur. Bu gün geriyə boylananda Vaqif Mustafayevin rəhbərliyi altında televiziyanın öz reytinqini dibə vurduğu aydın müşahidə edilir”. Ələsgər Məmmədlinin sözlərinə görə, son 10 ildə Azərbaycanda televiziyaların o qədər də inkişaf etmədiyi müşahidə olunur: “Reytinqlərə nəzər yetirdikdə ön sıralarda Türkiyə telekanallarının izlənməsi, yerli televiziyaların düşdüyü ümumi vəziyyətdən xəbər verir. Bu aspektdən yanaşdıqda “Space” prosesə “töhfə” verənlərin önündə dayanır”.