
RegionTV.info bildirir ki, iş yerinə belə gizlin gedib-gəlməyə, kimsə ilə görüşməməyə çalışırmış. Avtosfer.az yazıb ki, bahalı avtomobillərdən ibarət kolleksiyası olan Rasim Məmmədov Almaniyadan qiyməti 1 milyon 200 min dollar olan "Mercedes G63 AMC İNCAS" maşını gətizdirib. Bu maşının özəlliyi onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə Az 10-AH-784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə Məmmədov üçün xüsusi məna kəsb edir. Belə ki, dəstəbaşının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-lə bitir. AA 784, AZ 784, AH 784, YY 784, PP 784 Rasim Məmmədovun bahalı maşın koleksiyasındakı avtomobillərdə quraşdırılan dövlət nömrə nişanlarıdır. Rasim Məmmədovun içində gizlənib Bakı küçələrini gəzdiyi zirehli maşının salonu xüsusi işlənmiş dəridəndir.




Bu hələ harasıdır?
Öyrənmişik ki, Rasim Məmmədov Bakıda zirehli maşında gəzməklə yanaşı həbsinə qədər zirehli pəncərələri olan villada yaşayıb. Onun köhnə "Şüşəli bazar"ın yaxınlığındakı villasının Bakıdakı Ərəbistan səfirliyinin qonşuluğunda yerləşdiyi deyilir.
İddia etmirik ki, Ərəb şeyxlərinə xas dəbdəbəyə meyllilik Rasim Məmmədova qonşularından keçib. Sadəcə adamın reketliklə cibinə axan haram pullar onu bu cür həyata doğru itələyib.
Belə məlumat var ki, Rasim Məmmədov villanın təkcə zirehli pəncərələrinə 3 milyon avroya yaxın pul xərcləyib. İtaliya istehsalı olan pəncərələrin quraşdırılması da ona ucuz başa gəlməyib. Belə pəncərələrin quraşdırılması üçün hər kvadrat metrə görə 250-350 manat pul hesablanır. Rasim Məmmədovun 3 mərtəbəli villasında isə pəncərə bir deyil, iki deyil...
Rasim Məmmədovun bu villanın ərazisini də haramçılıqla genişləndirdiyi iddiası var. Villanı alqı-satqısından xəbərdar olan mənbə deyib ki, həmin vaxt qonşuluqda daha bir həyət satılırmış. Sahibinin həyətə qoyduğu qiymət Rasim Məmmədovun xoşuna gəlməyib. Buna görə də onunla mübahisə edib. Rasim Məmmədov villaya köçəndən sonra həyət sahibinin qara günləri başlayıb. Ona göstərilən təzyiqlərə tab gətirməsi Rasim Məmmədovu özündən çıxarıb. Günlərin birində isə Rasim Məmmədov başının dəstəsi ilə qonşunun hasarını uçurub. Vəziyyətin kritikləşdiyini görən həyət sahibi sonra Rasim Məmmədova güzəştə getməli olub.

Başlanmış cinayət işi üzrə Rasim Məmmədov 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talaması, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsi, bu əməlləri ilə "Baku Steel Company" MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurması ilə bağlı əsaslı şübhələr var.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Məhkəmə qərarına görə qarşıdakı 4 ayı istintaq təcridxanasında keçirəcək