“Brent” markalı neftin qiymətində artım davam edəcək. Bu, hazırkı vəziyyət üçün normal göstəricidir. Son bir ay ərzində təqribən 10 dollara yaxın qiymət artımı müşahidə edilir.
RegionTV.info xəbər verir ki, Bu sözləri iqtisadçı Natiq Cəfərli dünya birjalarında neft qiymətlərinin bahalaşması haqda danışarkən deyib.
Onun sözlərinə görə, neftin qiymətinin bu qədər qalxmasının obyektiv və subyektiv səbəbləri var:
“Obyektiv səbəb gözləntilərin yaranmasıdır. Belə ki, dünyanın əksər ölkələrində vaksinasiya prosesi davam edir. Düzdür, müəyyən axsamalar, çatışmazlıqlar olsa da, nəticə etibarilə vaksinasiya prosesinin başlaması xəbəri belə özlüyündə neftin qiymətinin artmasına kifayət edir.
Subyektiv səbəb kimi isə birjalarda neft qiymətlərinin süni tənzimlənməsini göstəmək olar. Belə ki, keçən ilin mart ayında OPEK+ ölkələri hasilatın mərhələli azaldılmasına qərar vermişdi və bu, icra edildi.
Digər bir maraqlı məqam Səudiyyə Ərəbistanının öhdəliklərindən əlavə hasilatın 1 milyon barrel azaldılması qərarı idi. Bu, neft bazarı üçün gözlənilməz və bir o qədər də pozitiv addım oldu.
Hazırda neft bazarında yaşanan qiymət artımının səbəbi budur”.
Ekspert deyib ki, dünya birjalarında neft qiymətlərinin bahalaşması nisbidir və tezliklə yenidən qiymətlər aşağı düşə bilər:
“Hazırda göstəricilər nə qədər ürəkaçan olsa da, burda süni amillər var. Yeri gəlmişkən, aprel ayından sonra hasilatın yüksələcəyi gözlənilir. Bu isə neft bazarında qiymətlərin azalmasına gətirib çıxaracaq”.
Xəbəri paylaş