“İnsanlar bununla bağlı vaxtında müraciət etmirlər və həm də pandemiya dövründə münasibətlər tam gərginləşir”
Bunu açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri karantin dövründə ailələrdə münasibətlərin gərginləşdiyini bildirib:
“Ümumiyyətlə, psixoz vəziyyət insanların ailə münasibələrini daha da gərginləşdirir. İnsanlar bununla bağlı vaxtında müraciət etmirlər və həm də pandemiya dövründə münasibətlər tam gərginləşir. Demək istəyirəm ki, vaxtında müraciətlərin olmaması ailə cinayətlərinə gətirib çıxarır. Amma bütün dünyada və həmçinin bizdə də pandemiya dövrü ailə münasibətlərinə çox ciddi zərbə vurur. Bəzən olur ki, kişilər işləməməklərinin və virusun günahını az qalır ki, qadında görələr. Kişilər daha çox zorakılıq etməklə sanki özünü daha çox doğrultmaq, təsdiq etmək kimi psixoloji bir hal yaşayırlar. Amma düşünürəm ki, qadınlar da vaxtında müraciət etməlidirlər ki, problemin qarşısını ala bilsinlər. Bu qədər təbliğatlar aparılır, müraciətlər olur, amma yenə də qadınlarımız bunu etmirlər”.
Qeyd edək ki, Xaçmazda ər qısqanclıq zəminində arvadını bıçaqlayıb.