
RegionTV.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.
O qeyd edib ki, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir: “Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək. Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir”.