Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və Keşişlər arasında insident yaşandı (FOTO)
Bu gün Marneuli rayonunun İkinci Kosalı kəndində yerli sakinlər və Keşişlər arasında insident yaşanıb.RegionTV.info "24News.ge" xəbər portalına əsasən xəbər verir ki, portalın hadisə yerindəki əməkdaşına müsahibə verən sakinlərin sözlərinə görə, son zamanlar onların əkin sahələrinin becərilməsinə keşişlər problem yaradır. Sakinlərin sözlərinə görə, parlamentdə kilsə ətrafı ərazilərdən 20 hektar torpaq sahələrinin kilsəyə verilməsi ilə bağlı qanun çıxarılandan sonra bu kimi problemlər yaşanmağa başlayıb. Onlar deyir ki, artıq bir neçə dəfədir din xadimləri gələrək əkib becərdikləri torpaq sahələrinin onların ərazisinə daxil olduğunu deyir və bu səbəbdən icarə tələb edirlər. Bu gün kəndə gələn və eyni tələbi irəli sürən keşişlər və kənd sakinləri arasında gərginlik yaşanıb, məlumata görə hazırda kənd ərazisində gərginlik davam edir. Qeyd edək ki, sakinlərin əkin üçün istifadə etdikləri torpaq sahəsi İqdisadiyyat Nazirliyinin balansındadır və kənd sakinləri bu əraziləri müəyyən icarə qarşılığında uzun illərdir ki, beçərdiklərini bildirirlər. Xatırladaq ki, 2020-ci ilin 22 may tarixində parlament tərəfindən Meşə Məcəlləsində dəyişiklik edilib və nəticədə kilsələr və Monastırlara ətrafında yerləşən və dövlət balansında olan 20 hektaradək ərazini satın alıb, rəsmi olaraq mülkünə keçirə bilməsi imkanı verilib.