Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda qorxulu tendensiya yaranır: Təhqir...





Son vaxtlar ən çox diqqət çəkən məsələlərdən biri də sosial şəbəkələrdə fikirlərin ifadəsi zamanı bilərəkdən, ya bilməyərəkdən söyüşdən, qeyri-etik ifadədən istifadə edilməsi, eyni zamanda ayrı-ayrı nüfuzlu şəxslərin ağır formada ictimai şəkildə təhqiridir. Bu, bir tərəfdən xaricdə başladılan “söyüş kampaniyası”nın virtual məkanımıza arzulanmaz təsiridirsə, digər tərəfdən ictimai müqavimətsizliyin açıq görüntüsüdür.

Xüsusilə pandemiya şəraitində sosial şəbəkələrin artıq “virtual cəmiyyət” halına gəldiyini nəzərə alsaq, bu hal xüsusi narahatlıq yaradır. Artıq “virtual cəmiyyətdə” dəyərlərin məhv edilməsi, əxlaqsızlığın təbliği, qeyri-etik ifadələrin yayılması ümumilikdə psixoloji gərginliyə, eyni zamanda yeniyetmələrin formalaşmasında virtual cəmiyyətin olduqca mənfi rol oynamasına şərait yaradır.

Mütəxəssislər söyüş əxlaqsızlığının cəmiyyətə ayaq açmasının toplumun dəyərlər sisteminə zərbə vurduğunu, bunun artıq qorxulu xəstəlik halını aldığını deyirlər. Söyüş və təhqir cinayətinə qarşı mübarizə aparmaq isə yalnız inzibati metodlarla olmamalıdır, bu əxlaqsızlıq təbliği ilk növbədə ziyalıların ciddi müqaviməti ilə üzləşməlidir.

Kult.az şair və yazıçıların bu mövzu ilə bağlı fikirlərini təqdim edir:

Yazıçı Şərif Ağayar:

Cəmiyyətimizdə müxtəlif səbəblərdən gərginlik hökm sürür. Bu da insanları aqressivləşdirir. Sosial şəbəkələrin verdiyi sərhədsiz azadlıq imkanı isə bu aqressiyanı ifadə eləmək üçün senzurasız fürsət yaradır. Səviyyəsiz adamların kifayət qədər çox olması özünüifadəyə təhqiramiz çalar qatır. Və təbii ki, obyekt əsasən tanınmış simalar olur. Eləcə də yazıçılar. Söyüş ritorikasını tənzimləmək hardasa mümkünsüzdür. Yeni dövr yeni qaydalar diktə edib, mövcud qanunvericilik tək bizdə deyil, bütün dünyada geri qalır. Bu məqamda hər kəs öz içindəki tərbiyə ilə işləməlidir. Söyüş mədəniyyətsizlikdir, acizlikdir və mənə görə müsbət nəticə verən ifadə tərzi deyil. Əksinə, işləri daha da çətinə soxur.

Əxlaq qaydalarını hər kəs gözləməlidir. Təəssüf ki, çox zaman bizdə əxlaqı məhdud çərçivədə, konkret şəxslərlə bağlı bir nəsnə hesab edirlər. Halbuki əxlaq ictimai davranışdır. İctimai davranış qaydası gözlənilməsə, cəmiyyət idarəolunmaz şəkil alar. Lakin yaradıcılıqda vəziyyət bir az dəyişir.

Yazıçı Cavid Zeynallı:

İnsan niyə söyüşü dilinə gətirir? Yaxud, bu naqisliyi özünə necə yaraşdırır? Əvvəlcə bunun səbəbini tapmaq lazımdır. Bəzən səbəb o qədər dərin və köklü olur ki, onu çözmək üçün çox şeyi qurban vermək lazımdır. Gəlin, uşaqlığımızı xatırlayaq: məhəllə və qonşu davalarında söyüş söyənlər kimlər idi? Əzilənlər, zəiflər... Əlacı və ümidi hər şeydən kəsilənlər. Söyüş onların son silahı idi. Daha doğrusu, son təsəlli sığınacağı.

Meyarlar itəndə, təhsil yox, nadanlıq nümunə göstəriləndə cəmiyyətdə təbii qıcıq yaranır. Efirlərdə illərlə bizim uşaqlarımıza kimlər nümunə göstərilib? Normal təhsili, tərbiyəsi, əxlaqı olmayanlar. Bu, ağlı başında olan adamlarda aqressiya yaratmırmı? Və bu aqressiya ən müxtəlif sferalarda söyüşlə ifadə olunmurmu? Ümumiyyətlə, söyüş təkcə ictimai hadisə deyil, həm də psixoloji və mənəvi hadisədir. Yəni söyüş dağıdıcıdır, mahiyyətcə şərdir. Şərə sığınmaq isə ümidi hər şeydən kəsilənlərin işidir. Başqa tərəfdən də abırını itirən, qırmızı xətt anlayışı olmayan adamlar var, onların diaqnozu isə bəllidir. Çox şey demək olar. Çünki söyüşün mahiyyətində çox şey gizlənib.

Şair Əkbər Qoşalı:

Bədii təfəkkürü olan, ictimai fikri sözlə qidalandırmağa çalışan və ya buna iddia edən insanın dilində söyüş olması xoş bir şey deyil. İnsanlararası münasibətdə, cəmiyyətdə söyüş ritorikasından istifadə olmaz. Arzu edək ki, söyüşdən istifadə edilməsin, amma gerçəklik başqadır. Cəmiyyətimiz bu cür xoşagəlməz və acı mənzərəni görə-görə gəlib. İndi də görməkdədir.

Şair Fuad Cəfərli:

Nəinki yazarların, eləcə də ictimai şəxslərin, cəmiyyətdə tanınmış insanların söyüş ritorikasından istifadəsinə qarşıyam. Bu, birmənalı şəkildə yolverilməzdir. Etik çərçivələrin hər zaman gözlənilməsinin tərəfdarıyam. Çünki tanınmışlar, ziyalılar digərləri üçün nümunə olmalıdırlar. Uşaqlara, gənclərə söyüş aşılamaq cəmiyyətin gələcəyinə pislik etməkdir. Şair və yazıçılar isə bədii əxlaq kodeksləridir. Onlar ictimai münasibətlərdə hər hansı bir məsələyə münasibət bildirərkən söyüş və təhqirdən qaçmalıdırlar. Normal tənqid meyarlarını ələ almalıdırlar.

Şair Emil Rasimoğlu:

Mövzusundan, mövqeyindən asılı olmayaraq, ictimai sferada təhqir bir cəmiyyətin ziyalısının ziyalı kimi tükənməyidir, məğlubiyyətidir. Bu, mütləq mənada belədir. Sən ictimai şəxssənsə, cəmiyyətdə baş verən ictimai proseslərə yalnız aydın təfəkkürə, dərkə söykənən analizinlə təsir göstərə bilərsən. Yaxşı, indi bir söyüşlə, şəxsiyyəti alçaltmaqla mən hansı aydın təfəkkürə, dərkə söykənən bir analizi, ictimai fikri ortaya qoya bilərəm?! Əlbəttə ki, heç bir... Unutmayaq ki, sözün inqilabı yoxdur. Sözdəki beynin, idrakın inqilabı var. Hardadır söyüşdə o beyin, o idrak?! Bax, bunu birdəfəlik qəbul etməliyik. Xüsusən də ziyalı adına...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də