Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan iki azərbaycanlı hərbçi Rusiya sülhməramlılarının köməyi ilə sərbəst buraxılıb.
RegionTV.info "İnterfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 30 yanvar 2021-ci il tarixində Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistanın Sünik bölgəsinin Teh məntəqəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin saxlanılan iki hərbçisi sərbəst buraxılıb", - məlumatda deyilir.
"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - Müdafiə Nazirliyindən qeyd edilir.
Rusiya MN-dən deyilir ki, yanvarın 30-da Azərbaycan tərəfinin xahişi ilə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı dəstəsi 16 xəstə Azərbaycan əsgərini Çinarlı (Vəng) kəndindən Çardaqlı kəndinə (Mağavuza) təxliyə edib. Orada onlar azərbaycanlı həkimlərə təhvil verilib.
Öz növbəsində virtualaz.org-a mənbələrdən verilən məlumata görə, Azərbaycan hərbçiləri göstərilən ərazidə itkin düşüblər və bu da onların Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasına səbəb olub.
Xəbəri paylaş