"Təklif reallaşarsa, Rusiya 100 milyard dollar itirəcək”.
RegionTV.info xəbər verir ki, Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin ölkəsinin beynəlxalq internet şəbəkəsindən ayrılması təklifini dəyərləndirərkən internet-media eksperti Səbuhi Abbasov deyib.
Ekspertin fikrincə, Medvedyevin həmin fikirləri siyasi məqsəd daşıyır:
"Rusiyada uzun illərdir belə təkliflər səslənir. Bu ölkə əsasən siyasi məqsədlərdən beynəlxalq internet şəbəkəsindən ayrılmağı düşünür. Kreml çalışır ki, ölkədə ictimai-siyasi proseslərin idarə olunması, təzyiq alətinin tətbiqi üçün sosial şəbəkələrin, beynəlxalq internet informasiya mərkəzlərinin Rusiyada nümayəndəlikləri açılsın. Amma belə bir mexanizm yoxdur”.
Ekspert hesab edir ki, Medvedyevin sözügedən təklifi ən azından ölkəsinin iqtisadi durumu baxımından reallaşa bilməz: "Rusiyanın bu istəyi sırf iqtisadi səbəbdən mümkün deyil. İdeyanın reallaşması üçün ölkədə mühit formalaşmayıb. Pandemiya dövründə Rusiya iqtisadiyyatının əhəmiyyətli hissəsi onlayn platformaya keçib”.
Texniki və nəzəri baxımdan Medvedyevin arzusu real görünsə də Rusiya üçün mümkünsüzdür: "Rusiya üçün dünya internet şəbəkəsindən ayrılaraq, daxili şəbəkəni qurmağa uzun illər, bəlkə də 10-15 il lazımdır. Hazırda isə Rusiya buna hazır deyil. Texniki və iqtisadi baxımdan təklifin əsaslandırılması mümkünsüdür”.
S. Abbasov düşünür ki, Medvedyevin beynəlxalq internet şəbəkəsindən ayrılmaq təklifi reallaşarsa Rusiya 100 milyardlarla dollar itkiyə məruz qalacaq: "Bu isə Rusiya büdcəsinin boşalması və iqtisadiyyatının tamamilə sıradan çıxması ilə nəticələnəcək. Medvedyevin bu fikirləri sadəcə olaraq, konkret auditoriyaya ünvanlanan xəbərdarlıq xarakterli açıqlamadır”.
Xəbəri paylaş