RegionTV.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Azər Mehtiyev Tarif Şurasının suyun qiymətini ikiqat artırmasını şərh edərkən qeyd edib.
O bildirib ki, 2015-ci ilin sonuna Azərsu ASC-yə əvəzsiz verilmiş dövlət investisiyalarının məbləği 4.3 milyard manat, 2019-cu ilin sonuna isə bu məbləğ (əlavə ödənilmiş kapitaldakı nəzərə alınmaqla) 6.9 milyard manat olub:“Yəni bu dövrdə dövlət ASC-yə əlavə olaraq 2.6 milyard manat vəsait yatırıb. 2019-cu ilin sonuna ASC-nin balans zərərinin məbləği 7 milyard manata yüksəlib. 2020-ci ilin hesabatı hələ yoxdur. Amma yəqin ki, “Azərsu”nun zərəri daha da artmış olar: ən azı ona görə ki, onlar ilin son 3 ayında “daxili mənbələr” hesabına işğaldan azad edilmiş ərazilərdə su infrastrukturunu bərpa etməyə başlayıbdır”.
Ekspertin sözlərinə görə, artıq dövlətin öz şirkətlərinə büdcədən böyük pullar ayırmaq imkanı yoxdur:“Buna görə də suyun qiymətinin qalxması gözlənilən idi. Eyni addımların digər dövlət şirkətlərinin xidmətləri üzrə olacağı da gözləniləndir. Amma bir şey var ki, suyun qiyməti artırıldıqca, ASC-nin zərəri də artmaqdadır. Deməli, problem heç də yalnız suyun qiymətində yox, daha çox “quyunun dibi”ndə, yəni ASC-nin bədxərc fəaliyyətindədir. Bütün dövlət şirkətlərinin xərcləri çox şişirdilir. Bundan sonra dövlət bu xərcləri “investisiya” adı altında subsidiyalaşdıra bilməyəcəyindən, məsələ “daxili mənbələr”in üzərinə keçir. Bu halda hələlik əsas hədəfdə olan “daxili mənbə” müştərilərdir”.
A.Mehtiyev bütün bunların hökumətin dövlət şirkətlərində islahat aparmamasının acı nəticəsi olduğunu bildirib.