Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.
RegionTV.info-nun məlumatına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərara əsasən 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.
Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.
Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq.
Qərarda qeyd olunub ki, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən ictifadə etmək zəruridir.
Xatırladaq ki, Azərbaycanda - bütün ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.
Xəbəri paylaş