
"Doğma Kəlbəcərimizdə olmaq bizim hər birimiz üçün bu günlərdə böyük qürur hissidir. Mən 1993-cü ilin o qanlı-qadalı günlərini yaşım az olsa da – təqribən mənim 13-14 yaşım var idi – o günləri çox gözəl xatırlayıram. Kəlbəcərdən olan sakinlərin ayaqyalın, başıaçıq, çörəksiz, qidasız, ilk üz tutduqları yerlərdən biri də məhz Gəncə şəhəri idi. O zaman onların yerləşdirildiyi ilk məntəqələrdən biri də Gəncə Şəhər Texnologiya Universitetinin yataqxanası idi, hansı ki, bizim evimiz onun yaxınlığında yerləşirdi".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcər rayonunda keçirilən növbəti Bal Festivalında çıxışı zamanı deyib.
H.Hacıyev bildirib ki, Kəlbəcər sakinlərinin həmin dövrdə yaşadığı hadisələri böyük təəssüf hissi ilə xatırlayır: "O günləri mən hələ də böyük faciə hissi ilə xatırlayıram, yaşımın az olmasına baxmayaraq. Kəlbəcər sakinləri böyük, ağır əzabdan keçərək, Ömər aşırımını, o qarlı, qadalı günlərdə ayaqyalın, başıaçıq keçərək Gəncə şəhərinə pənah gətirmişdilər.
Təəssüflər olsun ki, Kəlbəcər şəhərinin, kəlbəcərlilərin həmin dövrdə mühasirədə olmasını heç də beynəlxalq ictimaiyyət, hətta Azərbaycanın öz içərisində həmin dövrdə hakimiyyətdə olan bəzi qüvvələrin səriştəsizliyi nəticəsində insanlarımız hiss edə bilmirdilər. Kəlbəcər bir ilə yaxın müddətdə mühasirədə idi. Bir tərəfdən Ağdərə istiqamətində Ermənistan qoşunları mühasirəyə almışdılar. Laçının işğalından sonra Kəlbəcərin o istiqamətdə yolu bağlanmışdı. O biri tərəfdən də Ermənistan, digər bir tərəfdən isə Murov dağlarının əhatəsində olan kəlbəcərlilər. Amma onlar - Kəlbəcər sakinləri, kəlbəcərlilər öz əzmlərini, inamlarını, qürurlarını itirmədilər".
H. Hacıyev Kəlbəcərin işğalı zamanı baş verən Tunel faciəsini də xatırladıb: "Tunel faciəsini hələ də biz xatırlayırıq. Tunelin çıxacağında erməni terrorçusu Monte Melkonyan, hansı ki, Yaxın Şərqdən gəlmişdi, tunelin girəcəyində onlar pusqu qurmuşdular. Xocalı faciəsi qədər orada bir qəddar faciə baş verdi. Biz bunları unutmamalıyıq, bunlar da bizim tariximizin bir hissəsidir və orada Kəlbəcərlilərə ağır divan tutuldu.
"Bunları yenə də mənə danışmaq hər birimiz üçün çətindir, amma çox xoş olan hissdir ki, o anlar artıq keçmişdə qalıb. Biz gözəl Kəlbəcərdəyik, Kəlbəcərdəyik. Mənə uşaqlıq illərində Kəlbəcərdə olmaq nəsib olmamışdı. Həmişə Kəlbəcərli dostlarımız, yoldaşlarımız Kəlbəcərin gözəlliyindən danışırdılar, təsəvvür eləyirdim, amma belə gözəl olduğunu həqiqətən mən təsəvvür də edə bilmirdim. Kəlbəcər çox gözəldir".


