Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Atəşi dayandırın” dedi, seçkidən kənarlaşdırıldı

Rusiyada Dövlət Dumasına seçkilərə günlər qalmış müxalif “Yabloko” Partiyasının namizədi Vladimir Atamançuk seçkidən kənarlaşdırılıb.

Krasnodar diyarında məhkəmə Atamançukun namizəd kimi qeydiyyatını ləğv edib.

Qərar onun seçkidəki rəqibi - “Yaşıllar” Partiyasının namizədi Andrey Titovun iddiası əsasında qəbul olunub.

Məhkəməyə müraciətin səbəbi Atamançukun seçki vərəqəsi olub. İddia tərəfi həmin materialda “ekstremist xarakterli məlumatların” olduğunu bildirib.

Diqqətçəkən məqam isə vərəqədəki mübahisəli fikirlərin məzmunudur. Vladimir Atamançuk orada atəşin dayandırılmasına çağırıb və “insan faciəsi okeanı”ndan bəhs edib.

Sentyabrın 10-da həmin vərəqənin mətninə görə Atamançuk Soçidə saxlanılıb. Onun barəsində Rusiya ordusunun “nüfuzdan salınması” maddəsi üzrə inzibati protokol tərtib edilib.

Atamançuk daha bir maraqlı məqama diqqət çəkib. Onun sözlərinə görə, polis tərəfindən tərtib edilmiş protokoldakı ifadələrlə rəqibi Andrey Titovun məhkəməyə təqdim etdiyi iddia ərizəsindəki cümlələr demək olar ki, tamamilə üst-üstə düşüb.

Beləliklə, müxalif siyasətçi əvvəlcə atəşkəs çağırışı olan seçki materialına görə saxlanılıb, ardınca isə rəqib namizədin müraciəti əsasında Dövlət Dumasına seçkilərdən kənarlaşdırılıb.

Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 20-də keçiriləcək.

Rusiya müxalifətinin tanınmış simalarından Yuliya Navalnaya isə seçiciləri hakim “Vahid Rusiya”dan başqa istənilən namizədə səs verməyə və “Ağıllı səsvermə” layihəsinin tövsiyələrindən istifadə etməyə çağırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də