
Parlament sədri olmaq üçün adətən uzun illər siyasi təcrübə, deputatlıq fəaliyyəti və hakimiyyət dəhlizlərindən keçən mürəkkəb yol tələb olunur. Lakin Türkmənistanın hazırkı parlament sədrinin siyasi karyerası bu baxımdan istisnadır. O, 34 yaşında ölkənin qanunverici orqanına rəhbərlik etməklə 2023-cü ildə dünyanın ən gənc parlament sədri kimi tarixə düşüb.
Bəs hazırda 37 yaşında olan bu qadın siyasətçi kimdir? Hüquqşünaslıqdan parlament sədrliyinə gedən yol necə olub və Türkmənistan kimi qapalı sistemi olan ölkədə Məclis sədrinin real siyasi çəkisi nə qədərdir?
“Spikerlər” rubrikasında ilk təqdimatı hazırda Türkmənistan Məclisinə rəhbərlik edən Dünyägözəl Gülmanova haqqındadır.
Onun siyasi karyerası parlamentdən deyil, hüquq sahəsindən başlayıb. Gülmanova bu yüksək vəzifəyə gələnədək Türkmənistanın Ədliyyə Nazirliyində müxtəlif hüquqi vəzifələrdə çalışıb, notarius işləyib, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə məşğul olub və daha sonra parlamentin yuxarı palatasında insan hüquqları üzrə komitəyə rəhbərlik edib.
Dünyägözəl Akmuhammedovna Gülmanova 1989-cu il yanvarın 14-də Aşqabadda anadan olub. 1995–2004-cü illərdə orta məktəbdə təhsil alıb. 2007–2012-ci illərdə isə Mahtumqulu adına Türkmənistan Dövlət Universitetində hüquq ixtisasına yiyələnib.
Həkim köməkçisindən hüquqşünaslığa
D.Gülmanovanın bioqrafiyasında diqqət çəkən məqamlardan biri onun gənc yaşlarında fərqli sahələrdə işləməsidir.
2004–2006-cı illərdə Ahal vilayətinin Bağır kəndində "Bağır" fermer birliyinin icarədarı kimi fəaliyyət göstərib. Daha sonra, 2006–2007-ci illərdə həmin vilayətin keçmiş Ruhabad rayon xəstəxanasında kiçik tibb işçisi işləyib.
Yəni gələcək parlament sədrinin əmək fəaliyyəti birbaşa dövlət siyasəti və ya hüquq sahəsindən başlamayıb.
Onun əsas peşəkar dönüşü universiteti bitirdikdən sonra baş verib.
2012-ci ildə D.Gülmanova Türkmənistan Ədliyyə Nazirliyində işləməyə başlayıb. İlk illərdə hüquqi informasiya və konstitusiya qanunvericiliyi istiqamətində məsləhətçi kimi fəaliyyət göstərib.
Daha sonra nazirliyin müxtəlif strukturlarında hüquqşünas vəzifələrində çalışıb. 2015–2016-cı illərdə Aşqabad şəhərinin Dövlət Notariat İdarəsində təcrübəçi və dövlət notariusu olub.
2016–2018-ci illərdə həm Ədliyyə Nazirliyində hüquq məsələləri üzrə fəaliyyət göstərib, həm də daşınmaz əmlaka hüquqların və həmin əmlakla bağlı əqdlərin dövlət qeydiyyatı sahəsində çalışıb. Daha sonra həmin nazirliyin dövlət reyestri şöbəsində baş dövlət qeydiyyatçısı vəzifəsinə yüksəlib.
O, 2018–2021-ci illərdə Ədliyyə Nazirliyinin qanunvericilik departamentində iqtisadi qanunvericilik və normativ hüquqi aktların dövlət qeydiyyatı istiqamətinə rəhbərlik edən baş hüquq məsləhətçisi olub.
Beləliklə, Gülmanovanın siyasi karyerasının təməlində uzun illər ərzində formalaşdırdığı hüquqşünaslıq təcrübəsi dayanır.
Parlamentin yuxarı palatasından Məclis sədrliyinə
Gülmanovanın siyasi karyerasında əsas sıçrayış 2021-ci ildə baş verib.
Həmin dövrdə Türkmənistanda iki palatalı parlament Milli Şura fəaliyyət göstərirdi. Onun yuxarı palatası - Xalq Məsləhəti ölkənin siyasi sistemində xüsusi yer tuturdu.
Gülmanova 2021–2023-cü illərdə məhz bu qurumun insan hüquqları və azadlıqlarının müdafiəsi komitəsində sədr müavini, daha sonra isə komitə sədri vəzifəsində çalışıb.
Bu vəzifə onun parlament və qanunvericilik fəaliyyətində ilk ciddi siyasi pilləsi olub.
2023-cü ilin əvvəlində Türkmənistanın parlament sistemi yenidən dəyişdirildi və qanunvericilik səlahiyyətləri birpalatalı Məclisdə cəmləşdirildi.
Xalq Məsləhəti isə ayrıca dövlət qurumu kimi fəaliyyətini davam etdirdi.
Elə həmin ilin martında seçkilər keçirildi və yeni çağırış Məclis formalaşdı. 125 yerlik parlamentə seçkilər hakim Demokratik Partiyanın qələbəsilə yekunlaşdı.
Aprelin 6-da yeni parlamentin ilk iclasında Gülmanovanın adı ölkə və dünya mediasının diqqətini çəkdi.
O, Türkmənistan Məclisinin sədri seçildi.
Seçki gizli səsvermə yolu ilə keçirildi. Gülmanovanın adı alternativ namizəd olmadan səsverməyə çıxarıldı və 125 deputatın hamısının dəstəyini aldı.
Dünyanın ən gənc spikeri olmuşdu
Dünyagözəl Gülmanovanın Məclis sədri seçilməsini xüsusi edən əsas məqam onun yaşı ilə bağlıdır.
Gülmanova 2023-cü ildə parlament sədri seçilərkən dünyanın ən gənc spikeri olub. 1989-cu il təvəllüdlü siyasətçi o zaman 34 yaşında idi.
Dünyada parlament sədrləri adətən uzun illər siyasi təcrübəyə malik yaşlı siyasətçilər arasından seçilir. D.Gülmanova isə 30 yaşlarını keçməmiş parlamentin ən yüksək postlarından birinə yüksəlib.
Üstəlik, o, həmin vəzifəyə gələn ən gənc qadın parlament rəhbərlərindən biri kimi də tarixə düşüb.
Gülmanovanın siyasi çəkisini müəyyən edən hakimiyyət strukturu
Burada Türkmənistanın siyasi sisteminin özəlliyini nəzərə almaq lazımdır.
Məclis ölkənin qanunverici orqanıdır və 125 deputatdan ibarətdir. Deputatlar beş illik müddətə seçilir. Hazırkı VII çağırış parlament 2023-cü il martın 26-da keçirilmiş seçkilərdən sonra formalaşıb.
Lakin Türkmənistan parlamentinin rolunu Qərb ölkələrindəki parlament modelləri ilə birbaşa müqayisə etmək düzgün olmaz.
Ölkədə siyasi qərarların qəbulunda prezidentlik institutu və digər dövlət strukturları əsas rol oynayır. Buna görə də Dünyagözəl Gülmanovanın Məclis sədri olaraq yüksək dövlət vəzifəsi tutması onun avtomatik şəkildə ölkənin ən güclü siyasi fiqurlarından birinə çevrildiyi anlamına gəlmir.
Onun vəzifəsi əsasən qanunvericilik fəaliyyətinin təşkili, parlament iclaslarının idarə olunması, deputatların fəaliyyətinin koordinasiyası və parlamentin beynəlxalq əlaqələrinin təmsil olunması ilə bağlıdır.
Dünyagözəl Gülmanovanın tutduğu vəzifədən üstdə prezident və milli lider dayanır.
Onun siyasi çəkisini anlamaq üçün Türkmənistanın hazırkı hakimiyyət strukturuna baxmaq lazımdır.
Ölkənin prezidenti Sərdar Berdiməhəmmədovdur. Onun atası, sabiq prezident Qurbanqulu Berdiməhəmmədov isə Xalq Məsləhətinin sədri və “Türkmənistanın milli lideri” statusunu daşıyır.
Bu struktur parlament sədrinin ölkə daxilindəki siyasi çəkisini digər yüksək vəzifələrlə müqayisə etməyə imkan verir.
Dünyagözəl Gülmanova hazırda bu sistem daxilində qanunverici hakimiyyətin rəhbəri kimi çıxış edir.
Xanım spiker hakim Türkmənistan Demokratik Partiyasının üzvüdür və 2023-cü ildə bu partiyanın namizədi kimi deputat seçilib.
Məclis sədri kimi D.Gülmanovanın Türkmənistanın beynəlxalq parlament platformalarında nümayəndə heyətlərinə rəhbərlik edir. ATƏT Parlament Assambleyasının məlumatında Gülmanova Türkmənistan nümayəndə heyətinin rəhbəri kimi göstərilir.
2023-cü ildə ATƏT-in baş katibi Helqa Şmid Türkmənistana səfəri zamanı prezident Sərdar Berdiməhəmmədov və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla yanaşı, Dünyagözəl Gülmanova ilə də görüşmüşdü.
Bu görüşlər Gülmanovanın ölkənin xarici parlament əlaqələrində də rəsmi təmsilçilik funksiyasını daşıdığını göstərir.
Şəxsi həyatı sirr olaraq qalır
37 yaşlı Dünyagözəl Gülmanovanın şəxsi həyatı barədə açıq mənbələrdə çox geniş məlumat yoxdur.
Türkmənistan Məclisindəki rəsmi məlumata görə, o, evlidir və iki övladı var.
Lakin onun həyat yoldaşının ad-soyadı, peşəsi, hansı sahədə çalışdığı, uşaqlarının adları və doğum tarixləri göstərilmir.
Maraqlıdır ki, Türkmənistan mediasında və ölkə ilə bağlı müxalif və müstəqil nəşrlərdə də bu məlumatlara rast gəlmək mümkün deyil.
Onun ictimai profilində diqqət əsasən siyasi və parlament fəaliyyətinə yönəlib.
D.Gülmanova 2024-cü ildə Mahtumqulu Firaginin 300 illiyi münasibətilə yubiley medalı, 2025-ci ildə isə Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə yubiley medalı ilə təltif edilib.
Dünyägözəl Gülmanovanın siyasi karyerası hələ uzun yolun başlanğıcı təsiri bağışlayır. 34 yaşında parlament sədrliyinə yüksəlməsi onu beynəlxalq parlament statistikasında xüsusi yerə çıxarıb. Bu gün isə o, 37 yaşında Türkmənistanın qanunverici orqanına rəhbərlik edən qadın siyasətçi kimi fəaliyyətini davam etdirir.


