
İran ABŞ-ın Tehrana qarşı iqtisadi təzyiqlərini davam etdirəcəyi təqdirdə Hörmüz boğazı ətrafında tam dəniz blokadası tətbiq edə biləcəyini açıqlayıb.
Bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib. Onun sözlərinə görə, Vaşinqtonun iqtisadi müharibəsi İranın cavabı ilə üzləşəcək.
“Son günlər Vaşinqtona İranın yeni raketləri ilə bağlı açıq xəbərdarlıq edilib. İqtisadi müharibəyə cavab olaraq Fars körfəzi boyunca dənizdən təcrid zonası yaradılacaq və bu, blokada perimetrinə qədər genişləndiriləcək. ABŞ gəmiləri və hərbi bazaları ilə bağlı əməliyyat strategiyası əsaslı şəkildə yenidən nəzərdən keçirilib”, – Rzayi “X” sosial şəbəkəsində yazıb.
İran Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, Tehran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası və sanksiyalar fonunda öz maraqlarını qorumaq üçün tədbirlər görmək hüququna malikdir.
Qeyd edək ki, Vaşinqton avqust ayında “İqtisadi təcrid” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Tehranın maliyyə təcridini gücləndirmək və İranı münaqişə ilə bağlı geri addım atmağa məcbur etməkdir.
Sentyabrın əvvəlində isə ABŞ-ın maliyyə naziri Skott Bessent Avropa İttifaqının da İrana qarşı iqtisadi təzyiq kampaniyasına qoşulduğunu açıqlayıb.
Hörmüz boğazı ilə bağlı gərginliyin artması qlobal enerji bazarı üçün də ciddi risk yaradır. Boğaz dünya enerji daşımaları üçün əsas marşrutlardan biridir və son günlər burada yaranan məhdudiyyətlər neft tədarükünə təsir göstərir.


