Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Subbakalavrlar üçün universitetlərdə ayrıca plan yeri ayrılsın – TƏKLİF

Subbakalavrlar üçün universitetlərdə ayrıca plan yeri ayrılsın – TƏKLİF

Ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərlə subbakalavrların imkanları arasında ciddi fərq yaranıb.

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri  açıqlamasında subbakalavrların qəbul imkanlarının məhdudlaşmasının səbəblərindən danışıb.

Ekspert bildirib ki, əsas problemlərdən biri abituriyent və subbakalavrlar üçün qəbul planının ayrı-ayrılıqda müəyyən edilməməsidir.

“Universitetdə hər hansı ixtisas üzrə qəbul planı vahiddir. Məsələn, kimya mühəndisliyi ixtisasına 100 yer ayrılıbsa, həmin 100 yer həm abituriyentlər, həm də subbakalavrlar üçün nəzərdə tutulur. Təbii ki, burada üstünlük abituriyentlərə verilir. Onların seçimindən sonra boş qalan yerlər subbakalavrlar arasında bölünür.

Məsələn, 100 plan yerindən 20-si boş qalırsa, həmin 20 yer müraciət edən subbakalavrlar arasında bölünür. Problem də məhz budur. Daha yaxşı olardı ki, imtahan yolu ilə qəbul olunan abituriyentlər üçün ayrıca, subbakalavrlar üçün isə ayrıca plan yerləri müəyyənləşdirilsin”, - deyə E.Nuri bildirib.

Onun sözlərinə görə, məsələn, kompüter mühəndisliyi, materiallar mühəndisliyi və ekologiya mühəndisliyi kimi ixtisaslarda plan yerlərinin müəyyən hissəsinin abituriyentlər, digər hissəsinin isə subbakalavrlar üçün ayrılması daha ədalətli rəqabət mühiti yarada bilər.

“Bu halda hər kəs özünə ayrılan plan yerləri uğrunda mübarizə aparardı. Hazırkı sistemdə isə subbakalavr yalnız abituriyentlərdən boş qalan yerlər uğrunda mübarizə aparmalı olur. Bu da onun qəbul şansını əhəmiyyətli dərəcədə azaldır”, – ekspert vurğulayıb.

E.Nuri subbakalavrların imkanlarını məhdudlaşdıran digər amilin isə onların qəbul oluna bildiyi ixtisasların sayının ildən-ilə azalması olduğunu deyib.

“Əvvəlki illərdə daha çox ixtisas üzrə həm abituriyentlərin, həm də subbakalavrların qəbuluna imkan verilirdi. Lakin ildən-ilə subbakalavrların seçim edə bildiyi ixtisasların sayı azaldı. Bu il bunun daha bariz şahidi olduq. Xüsusilə III qrupda subbakalavrlar üçün seçim imkanları demək olar ki, yox səviyyəsində idi”, – deyə tədqiqatçı qeyd edib.

Onun sözlərinə görə, I və II qruplarda vəziyyət nisbətən stabil olsa da, III qrupda rəqabət daha yüksək olub.

“III qrupda əsasən 200-350 bal intervalında müsabiqədə uğur qazanmağa ümid edənlər çoxdur. Rəqabət də məhz aşağı bal intervalında güclüdür. Bu rəqabət subbakalavrlar üçün demək olar ki, yer saxlamadı”, - E.Nuri əlavə edib.

Tədqiqatçı subbakalavrların qarşılaşdığı daha bir problemin bəzi universitetlərin yalnız öz tabeliyində olan kolleclərin məzunlarını qəbul etməsi olduğunu bildirib.

“Deyək ki, mən başqa bir kolleci 90-92 orta göstərici ilə bitirmişəm. Amma oxumaq istədiyim universitetə qəbul ola bilmirəm. Çünki həmin universitetin kollecinin məzunu deyiləm. Bu da subbakalavrların seçim imkanlarını daha da daraldır”, - deyə o bildirib.

Elmin Nuri hesab edir ki, qəbul planının abituriyent və subbakalavrlar arasında ayrıca bölünməməsi, subbakalavrların seçim edə bildiyi ixtisasların azalması və bəzi universitetlərin yalnız öz kolleclərinin məzunlarına imkan yaratması onların ali təhsilə çıxışını ciddi şəkildə məhdudlaşdırır.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də