Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tarixi abidələr “xatirə dəftəri” deyil – Nizami Kino Mərkəzindən Şuşanın qayalarına qədər ...

Bir binanın divarına yazılan bir neçə söz... Kənardan baxanda bəlkə də adi bir cızma-qara təsiri bağışlayır. Bir neçə dəqiqəyə çəkilir, bir neçə saatdan sonra sosial şəbəkədə paylaşılır, sonra isə unudulur. Amma divar unutmur. Xüsusilə həmin divar onilliklər, hətta əsrlər boyu şəhərin yaddaşının bir hissəsi olubsa...

Bu ilin aprelində Bakının mərkəzində baş verən hadisə də məhz belə bir sualı yenidən gündəmə gətirdi: tarixi binaların, abidələrin və qoruqların üzərinə yazı yazmaq niyə hələ də bəziləri üçün adi hərəkət kimi qəbul edilir? Söhbət Nizami Kino Mərkəzindən gedir. Gecənin birində tarixi binanın fasadına boya ilə müxtəlif yazılar və təsvirlər çəkildi.

Bu, adi bina deyildi. Nizami Kino Mərkəzi ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur və 123 inventar nömrəsi ilə qeydiyyatdadır.Hadisədən sonra araşdırma başladı.

Əməli törətməkdə şübhəli bilinən dörd şəxsin kimliyi müəyyənləşdirildi. Onların arasında 2009-cu il təvəllüdlü “Landau School” şagirdi, 2010-cu il təvəllüdlü daha iki məktəbli və 2006-cı il təvəllüdlü, ADA Universitetində təhsil alan Belarus vətəndaşı Ardeşir Seyfpur Saad Abadi olub.

İlk mərhələdə azyaşlıların valideynlərinin iştirakı ilə profilaktik tədbirlər görüldüyü, binaya dəymiş ziyanın müəyyənləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin araşdırıldığı bildirilmişdi. Sonra iş üzrə daha ciddi addım atıldı. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ardeşir Seyfpur Saad Abadi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. Bu, yekun hökm deyildi – yəni həmin qərarı “4 ay həbs cəzası aldı” kimi təqdim etmək doğru olmaz. Bu, istintaq dövründə tətbiq edilən qətimkan tədbiri idi.

Maraqlıdır ki, Nizami Kino Mərkəzindəki hadisədən bir neçə ay əvvəl Azərbaycan qanunvericiliyində mədəni sərvətlərin qorunması ilə bağlı məsuliyyət də sərtləşdirilib.

Nizami.jpeg (568 KB)

2026-cı ilin əvvəlində Cinayət Məcəlləsinin 246-cı maddəsi yeni redaksiyada qəbul edilib. Hazırkı qaydalara əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətin qəsdən korlanması nəticəsində 3 min manatdan yuxarı ziyan vurularsa, ziyanın iki mislinədək cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətin qəsdən məhv edilməsinə görə cəza daha ağırdır – vurulmuş ziyanın iki mislindən üç mislinədək cərimə və ya üç ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə. Daşınmaz mədəni sərvətin qəsdən məhv edilməsi halında isə cəza üç ildən beş ilədək azadlıqdan məhrumetməyə qədər yüksələ bilir. Əməlin təkrar, qrup halında və ya digər ağırlaşdırıcı hallarla törədilməsi zamanı isə 4 ildən 8 ilədək həbs nəzərdə tutulur. Bundan başqa, dövlət tərəfindən qorunan mədəni sərvətin ehtiyatsızlıqdan məhv edilməsinə səbəb olan hərəkətlər üçün də ayrıca cinayət məsuliyyəti müəyyənləşdirilib.

Yəni qanunvericilikdə yanaşma kifayət qədər aydındır: mədəni irs adi əmlak kimi qiymətləndirilmir. Bəs dünyada necədir? Əslində Azərbaycan bu məsələdə tək deyil. Əksinə, bir çox ölkələrdə tarixi və mədəni irsə zərər vurmaq adi vandalizm kimi yox, xüsusi təhlükə kimi qiymətləndirilir.

Məsələn, İtaliyada mədəni və ya landşaft irsi obyektlərini korlamaq və ya üzərinə yazı yazmaq üçün ayrıca inzibati sanksiyalar mövcuddur. 2024-cü ildən qüvvədə olan qanuna əsasən, mədəni və ya landşaft obyektlərinin korlanması və üzərinə yazı yazılması üçün 10 min avrodan 40 min avroyadək inzibati cərimə tətbiq edilə bilər. Obyektin dağıdılması və ya istifadəyə yararsız hala salınması isə 20 min–60 min avro aralığında cərimə ilə nəticələnə bilər. 

İtaliyada məsələ bununla da bitmir. Tarixi abidəyə zərərin ağırlığından asılı olaraq cinayət məsuliyyəti də yarana bilər. Məsələn, 2023-cü ildə Florensiyada Vasari dəhlizinə graffiti çəkilməsi ilə bağlı şübhəlilərə qarşı araşdırma aparılmışdı, həmin dövrdə İtaliya qanunvericiliyinə əsasən ağırlaşdırılmış zərər vurma üzrə 3 ilədək həbs mümkün idi.

Nizami 2.jpg (34 KB)

Fransada isə adi graffiti ilə tarixi-mədəni obyektə zərər vurmaq arasında fərq qoyulur. İcazəsiz yazı və təsvirlər yüngül zərər halında 3 750 avro cərimə və ictimai işlərlə nəticələnə bilər. Daha ciddi hallarda əmlaka zərər vurma üzrə cəzalar artır. Tarixi abidə və qorunan mədəni obyektlərə zərər vurulması halında isə cəza 7 ilədək həbs və 100 min avroyadək cəriməyə çata bilər.

Böyük Britaniyada graffiti ümumən cinayət xarakterli əmlak zərəri kimi qiymətləndirilir. Yerli səviyyədə yüzlərlə funt məbləğində sabit cərimələr tətbiq edilə bilər, iş məhkəməyə gedərsə cərimə və həbs ehtimalı yaranır. Zərərin məbləğindən asılı olaraq daha ağır cinayət məsuliyyəti də mümkündür.

Burada bir incə məqam var. Qraffiti özü avtomatik olaraq “pis sənət” demək deyil. Dünyanın müxtəlif şəhərlərində küçə sənəti üçün xüsusi divarlar, məkanlar, festivallar yaradılır. Problem sənətin özündə yox, icazəsiz məkan seçimindədir.

Tarixi binanın fasadı rəssam üçün kətan deyil. Qədim qala divarı şəxsi gündəlik deyil. Qoruq ərazisindəki qaya turistin adını əbədiləşdirmək üçün lövhə deyil.

Üstəlik, müasir texnologiya ilə yazını silmək mümkün olsa da, bu heç də həmişə abidənin əvvəlki vəziyyətinə tam qaytarılması demək deyil. Xüsusilə daş və digər tarixi səthlərdə boya izlərinin təmizlənməsi üçün bəzən xüsusi kimyəvi vasitələr və avadanlıq tələb olunur və yanlış müdaxilə səthin özünə zərər verə bilər. Avropa İttifaqının CORDIS platforması da tarixi obyektlərdən graffiti təmizlənməsinin xüsusi yanaşma tələb etdiyini və bəzi təmizləyici maddələrin əsas səthə zərər verə biləcəyini qeyd edir.

Şuşaaaa.jpg (409 KB)

Nizami Kino Mərkəzindəki hadisə cəmiyyətdə bu mövzunu yenidən gündəmə gətirdi. İndi isə Şuşadan gələn görüntülər eyni sualı başqa məkanda qarşıya qoyur. Bu dəfə söhbət şəhərin bəzi qaya daşlarının üzərinə turistlərin müxtəlif yazılar yazmasından gedir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu kimi halların ilk olmadığını açıqlayıb və cəmiyyətə çağırış edib. Burada da məsələni yalnız şəhidlərin xatirəsi müstəvisinə salmaq düzgün olmaz. Əlbəttə, Şuşanın xüsusi tarixi və mənəvi yükü var. Amma problem daha böyükdür. Tarixi şəhərin qayası da, Bakının memarlıq abidəsi də, qədim qala divarı da, muzey binası da eyni qoruma prinsipinə tabedir. Çünki mədəni irs yalnız keçmişin yadigarı deyil. O, gələcək nəsillərin də haqqıdır. Bu gün Nizami Kino Mərkəzinin divarına yazılan yazı silinə bilər. Şuşadakı qayanın üzərindəki boya da müəyyən müddətdən sonra təmizlənə bilər. Amma cəmiyyətin yaddaşında başqa bir sual qalır: Biz niyə əvvəlcə abidəyə zərər vururuq, sonra onu təmizləmək üçün vəsait xərcləyirik? Bəlkə də ən doğru yanaşma cəzanı artırmaqdan əvvəl insanın abidəyə münasibətini dəyişməkdir. Çünki polis hər daşın yanında dayana bilməz. Kamera hər qayaya baxa bilməz. Amma insanın içində bir qayda olmalıdır: “Bura mənim şəxsi mülküm deyil. Bura məndən əvvəl var idi və məndən sonra da qalmalıdır.” Elə tarixi irsi qorumağın ən sadə düsturu da budur. Daşın üzərinə adını yazmaqla tarixə düşmürsən. Tarixi qorumaqla tarixdə qalırsan.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də