
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların sentyabrın sonunda yenidən başlaya biləcəyi açıqlanıb.
Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “The New York Times” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə aparılan danışıqlar Rusiyada keçiriləcək parlament seçkilərindən sonra yenidən gündəmə gələ bilər. Budanov mümkün yeni raundun sentyabrın sonlarında başlaya biləcəyini deyib.
Ukraynalı rəsmi danışıqların bərpasına mümkün səbəblərdən biri kimi Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərini də göstərib.
Bununla belə, Budanovun fikrincə, atəşkəs üçün real şərtlər 2027-ci ilin yazında formalaşacaq.
“Danışıqlar gec-tez nəyəsə gətirib çıxaracaq. İnsan ömrü boyu müharibə apara bilməz”, - deyə Budanov bildirib.
“The New York Times”ın yazdığına görə, Rusiya tərəfi əvvəlki danışıqlar raundlarından birindən sonra Ukrayna nümayəndə heyətinə dialoqu Moskvada davam etdirməyi də təklif edib.


