
Rusiyada sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra yeni səfərbərlik elan ediləcəyi barədə son həftələrdə yayılan məlumatlar Kremlin gündəmini zəbt edib. Rusiya Prezidenti Vladimir Putin isə əvvəlcə Bişkekdə “ŞƏT plyus” formatında görüşdə, daha sonra isə sentyabrın 3-də Vladivostokda bu iddiaları rədd edib, onları “informasiya hücumu” və “dezinformasiya” adlandırıb. Putin bildirib ki, hazırda ordunun şəxsi heyətə olan tələbatı könüllü müqavilə əsasında hərbi xidmətə gələnlər hesabına təmin olunur və yeni səfərbərliyə ehtiyac yoxdur.
Beləliklə, ən azı Kremlin hazırkı mövqeyinə görə, rusiyalıları sentyabr seçkilərindən dərhal sonra hərbi komissarlıqlara çağıracaq yeni səfərbərlik dalğası gözlənilmir.
Burada azərbaycanlılar üçün diqqətdən qaçırılmamalı başqa bir məqam var.
2022-ci il sentyabrın 21-də Vladimir Putin 647 saylı fərmanla Rusiyada qismən səfərbərlik elan etmişdi. Həmin sənəd bu gün də ləğv edilməyib. Fərmanın 4-cü bəndində səfərbərlik dövründə hərbi qulluqçularla bağlanmış müqavilələrin həmin dövr başa çatanadək qüvvədə qalması nəzərdə tutulur. Fərmanın özündə isə səfərbərliyin konkret başa çatma tarixi göstərilməyib.
Bu, “2022-ci ilin səfərbərliyi hələ də yüz minlərlə insanın avtomatik olaraq cəbhəyə göndərilməsi deməkdir” anlamına gəlmir. 2022-ci ilin payızından sonra Rusiyada yeni kütləvi səfərbərlik elan edilməyib və ordunun komplektləşdirilməsində əsas mexanizm müqaviləli hərbi xidmət və könüllülərin cəlb olunması olub.
Lakin hüquqi baxımdan 2022-ci il fərmanının ləğv edilməməsi mühüm nüansdır. Yəni Rusiyada səfərbərlik rejiminin hüquqi bazası tamamilə yoxa çıxmayıb.
Rusiyadakı azərbaycanlılar üçün əsas sual budur: kim risk altındadır?
Bu məsələni xüsusilə Azərbaycan icması üçün qiymətləndirərkən bir-birindən fərqli iki qrupu ayırmaq lazımdır.
Rusiyada yaşayan Rusiya vətəndaşı olan etnik azərbaycanlılar Rusiya qanunvericiliyinə əsasən səfərbərlik mexanizminin potensial subyektləridir. 2020-ci il siyahıyaalınmasına əsasən Rusiyada özünü azərbaycanlı kimi göstərən 474 576 nəfər olub. Digər qrup isə Azərbaycan Respublikası vətəndaşlarıdır. Rusiya DİN-in məlumatına görə, 2025-ci ilin ildə müxtəlif kateqoriyalar üzrə 224 397 Azərbaycan vətəndaşı Rusiyada miqrasiya qeydiyyatında olub. Bu rəqəm Rusiyada yaşayan bütün azərbaycanlıların sayı deyil, məhz Azərbaycan vətəndaşlarının qeydiyyatı ilə bağlı göstəricidir.
Azərbaycan vətəndaşının Rusiyada olması isə onu avtomatik olaraq Rusiya səfərbərliyinin subyekti etmir. Ancaq başqa təhlükə mövcuddur: Rusiya ordusunda xarici vətəndaşların müqavilə əsasında xidmətə cəlb edilməsi. Məhz bu kanal Azərbaycan vətəndaşları üçün ayrıca risk yaradır.
Müharibə artıq azərbaycanlıların həyatına toxunub
Rusiya-Ukrayna müharibəsində azərbaycanlıların iştirakı yeni məsələ deyil. Müxtəlif vaxtlarda həm Ukrayna, həm də Rusiya tərəfində azərbaycanlıların döyüşdüyü barədə məlumatlar yayılıb.
2022-ci ildə, məsələn, Ukrayna Azərbaycanlıları Radasının nümayəndəsi Ukrayna Silahlı Qüvvələrinin sıralarında təxminən 500 etnik azərbaycanlının döyüşdüyünü və həmin dövrə qədər onların arasında ölənlərin olduğunu açıqlamışdı. Rusiya ordusunda da minlərlə azərbaycanlının zidmət etdiyi, yüzlərlə soydaşımızın həlak olduğuna dair faktiki sübutlar mövcuddur.
Azərbaycan Baş Prokurorluğu da xarici ölkələrdə, o cümlədən Ukraynadakı müharibədə Azərbaycan vətəndaşlarının iştirakına dair faktların araşdırıldığını bildirib. Qurumun açıqlamalarında döyüşlər zamanı Azərbaycan vətəndaşlarının arasında ölən, yaralanan və əsir düşənlərin olduğu qeyd edilib.
Bu faktın özü bir şeyi göstərir: müharibə artıq Rusiyada yaşayan azərbaycanlılar üçün yalnız televiziyada izlənilən uzaq hadisə deyil.
Putin “səfərbərlik olmayacaq” deyir. Bəs sabah?
Burada əsas məsələ Putinin ötən günkü açıqlamasını gələcək üçün dəyişməz zəmanət kimi qəbul etməməkdir. Prezidentin hazırda yeni səfərbərliyə ehtiyac olmadığını deməsi konkret siyasi mövqedir. Kreml həm Bişkekdə, həm də sentyabrın 3-də bu xəbərləri rədd edib.
Amma müharibə davam edir. Rusiyanın canlı qüvvəyə ehtiyacı isə əsasən könüllülərin və müqaviləli hərbçilərin hesabına qarşılanır. Bu modelin davam etməsi halında belə, Rusiyada yaşayan azərbaycanlı kişilər üçün risk tamamilə sıfırlanmır. Xüsusilə Rusiya vətəndaşlığı olanlar üçün səfərbərlik mexanizminin hüquqi bazası qüvvədə qalır. Azərbaycan vətəndaşları üçün isə əsas risk qanuni və ya qeyri-qanuni yollarla hərbi müqaviləyə cəlb edilmək və nəticədə müharibəyə göndərilməkdir.
Başqa sözlə, “sentyabrda səfərbərlik olmayacaq” xəbəri ilə “Rusiyada azərbaycanlılar üçün hərbi təhlükə yoxdur” nəticəsini eyniləşdirmək olmaz. Putin səfərbərlik barədə yayılan məlumatları dezinformasiya adlandıra bilər. Ancaq 2022-ci ildə imzalanmış 647 saylı fərmanın hüquqi izi hələ də qalır, Rusiya-Ukrayna müharibəsi isə hələ başa çatmayıb.


