
Ermənistanın ikinci prezidenti Robert Köçəryan “İrəvan-Kentron” istintaq təcridxanasında təkadamlıq kamerada saxlanılır.
Bu barədə jurnalistlərə onun oğlu, müxalif “Hayastan” fraksiyasının deputatı Levon Köçəryan bildirib.
Levon Köçəryan deyib ki, avqustun 31-də – doğum günündə onun ziyarətinə gedib. Atası oğluna səhhəti barədə danışıb.
“Yaxın 20 gün əvvəl atam ürəyindən əməliyyat olunub. Bundan sonra bir ay ərzində həkim nəzarətində olmalı idi. Bütün bunlar pozuldu və müəyyən problemlər yarandı. Qalan məsələlərdə isə hər şey normaldır”, – deyə o bildirib.
Levon Köçəryan qeyd edib ki, böyük qardaşı Sedrak Köçəryan həbs olunduqdan sonra onunla görüşməyib. O, məhkəmənin qərarına əsasən Robert Köçəryanı yaxın qohumlarının ziyarət edə bildiyini, Sedrak Köçəryanı isə yalnız həyat yoldaşı və övladlarının görə biləcəyini xatırladıb.
Qeyd edək ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi avqustun 27-də Robert Köçəryanın iki ay müddətinə həbs edildiyini açıqlayıb.
Avqustun 25-də saxlanılan keçmiş prezident səhhətinin pisləşməsi səbəbindən daha sonra xəstəxanaya yerləşdirilmişdi. Buna səbəb yaxın vaxtlarda keçirdiyi stentləmə əməliyyatından sonra səhhətində yaranan problemlər olub.
Robert Köçəryan qanunsuz əmlak əldə etmə işi üzrə ittiham olunur. İstintaqın versiyasına görə, o, prezidentliyi dövründə digər şəxslərlə əlbir olaraq və vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra ictimai və iqtisadi əhəmiyyətli obyektləri bazar dəyərindən aşağı qiymətə əldə edib.
İş çərçivəsində Robert Köçəryanın oğlu Sedrak Köçəryan və Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da dindirilməyə çağırılıb. Sedrak Köçəryan da iki ay müddətinə həbs edilib.


