
Şəkidə sahibsiz itlərin çoxalması sakinlər arasında ciddi narahatlıq yaradıb. Sakinlərin sözlərinə görə, xüsusilə səhər saatlarında şəhərin bazar ərazisində 10-15 sahibsiz itin bir yerdə toplaşaraq küçələrdə hərəkət etməsi adi mənzərəyə çevrilib. Bildirilir ki, sürü halında gəzən itlər bəzən tək olan insanların üzərinə hücum edir.
Redaksiyamıza daxil olan məlumatlara görə, son bir həftə ərzində baş verən hadisələr isə problemin ciddiliyini bir daha ortaya qoyub. Belə ki, bir sakinin burnundan it dişləyib. Ardınca isə Şəkidə Niderland vətəndaşına sahibsiz itlərin hücum etdiyi və onun ağır xəsarət aldığı bildirilir.
Sakinlər hesab edirlər ki, xüsusilə insanların daha çox hərəkət etdiyi ərazilərdə sahibsiz itlərlə bağlı tədbirlər gücləndirilməli, təhlükənin qarşısının alınması üçün konkret addımlar atılmalıdır.
Mövzu ilə bağlıŞəki İcra Hakimiyyətinə müraciət edib. İcra orqanı sahibsiz itlərlə bağlı problemin ciddi olduğunu etraf edib:
“Sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. 2026-cı ilin ötən dövrü ərzində Şəki Şəhər İcra Hakimiyyətinə sahibsiz itlərin çoxalması və insanlara hücum etməsi ilə bağlı 19 müraciət daxil olub”.
Qeyd olunub ki, hazırda Şəkidə sahibsiz itlər üçün sığınacaqların olmaması problemi ağırlaşdırır.
“Sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlarda yerləşdirilməlidir. Hazırda Şəki şəhərində sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə müəyyən çətinliklər yaradır. Şəhərdə problemin həlli istiqamətində bir sıra təkliflər hazırlanıb, aidiyyəti dövlət qurumları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökumət təşkilatlarına və sahibkarlara müraciətlər edilib”.
İcra hakimiyyətindən bildirilib ki, hazırda heyvansevərlərin də prosesə cəlb olunması ilə Şəki şəhərində sahibsiz küçə itləri üçün sığınacaqların yaradılması və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır.


