
İsraildə mediaturda iştirak edən azərbaycanlı jurnalistlər Qəzza zolağının şimalına mənzərənin açıldığı Givat Kobi müşahidə məntəqəsində olublar.
İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidmətinin mayoru David Barux Qəzza zolağında aparılan əməliyyatlar, HƏMAS-ın hazırkı vəziyyəti və bölgəyə humanitar yardımların çatdırılması ilə bağlı jurnalistlərin sualına cavab verib.
Ordu rəsmisi Qəzzada nəzarətdə olan ərazilərdə mülki şəxslərin olmadığını, əsas məqsədlərdən HƏMAS-ın terror infrastrukturunun və tunel şəbəkəsinin məhv edilməsi olduğunu bildirib:
“İsrail hərbçiləri yüzlərlə kilometr uzunluğunda tunel aşkarlayıb. Bəzi tunellər bir neçə mərtəbə dərinliyə gedir və onlar bir-biri ilə sıx şəkildə əlaqələndirilir. Biz onların üzərində işləyirik. Hətta elə indi bəzi partlayış səslərini də eşitdiniz. Mühəndis qruplarımız aşağı enir, qazıntı aparır, müxtəlif vasitələrlə tunelləri tapır. Daha sonra onların içərisinə partlayıcı maddələr yerləşdirərək bir daha istifadə olunmaması üçün partladırıq”.
David Barux Qəzza sektorunda hələ də İsrail qüvvələrinin daxil olmadığı böyük ərazilərin olduğunu vurğulayıb:
“HƏMAS üç il əvvəl bizə qəfil hücum etdiyi dövrdəki gücündə deyil. Buna baxmayaraq, onlar yenidən təşkilatlanmağa və yeni üzvlər toplamağa çalışırlar. Müəyyən dərəcədə buna nail olsalar da, əvvəlki güclərində deyillər. Bununla belə, hələ də mütəşəkkil şəkildə bizə qarşı real təhlükə yaratmaq qabiliyyətinə malikdirlər. Problem də elə bundadır. İsrail həm siyasi, həm də hərbi rəhbərliyin müəyyən etdiyi 20 bəndlik plana uyğun hərəkət edir. İndi ikinci mərhələni gözləyirik: Qəzzanın silahsızlaşdırılması və HƏMAS-ın hərbi imkanlarının sıfırlanması. Bu baş verəndə yenidənqurma prosesi başlayacaq”.
Mayor Qəzzaya humanitar yardımların çatdırılması ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, 20 bəndlik plan çərçivəsində İsrail Qəzzaya ərzaq, geyim və dərman preparatlarının daxil olmasına şərait yaratmağı öhdəsinə götürüb.
“Orta hesabla gündə 600 yük maşınının keçidinə öhdəlik götürmüşük. Bu o deməkdir ki, təkcə son bir ildə 2 milyon ton humanitar yardım daxil olub”, - deyə o bildirib.
O humanitar yardımların Qəzzaya gətirilməsindən sonra qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü deyib:
“Bütün bu mallar daxil olduqca Qəzzada qiymətlər aşağı düşür. Hazırda Qəzzada bir il əvvəllə müqayisədə xəstəxana çarpayılarının sayı da 50 faiz çoxdur. Bütün bunların daxil olmasına icazə veririk. Tibbi səbəblərlə İsrail üzərindən digər ölkələrə getmək istəyənlərin çıxışına heç bir maneə yaratmırıq. Çünki biz heç kimi Qəzzada saxlamırıq”.
Mayor hazırda Qəzzada HƏMAS-ın nə qədər döyüşçsünün olduğunu isə açıqlamayıb:
“Dəqiq rəqəmlər deməyəcəyəm. Çoxlu fərqli rəqəmlər səsləndirilir və mənim yenisini əlavə etməyim doğru olmazdı. Onlar davamlı olaraq sıralarını bərpa etməyə çalışırlar. HƏMAS-a qarşı hərbi baxımdan ciddi nəticələr əldə etmişik, lakin əməliyyatlar tam başa çatmayıb. Çünki hələ də oradadırlar və müəyyən imkanları var. Lakin hərbi nöqteyi-nəzərdən bu bizim üçün böyük bir uğurdur”, - İsrail rəsmisi deyib.


