Moskva vilayətinin tarixi Kolomna şəhərində arxeoloqlar son dərəcə qiymətli sikkə xəzinəsi aşkar ediblər.
Tapıntının ümumi dəyəri təxminən 500 milyon rubl qiymətləndirilir.
Xəzinə şəhərin tarixi mərkəzində tikinti işlərindən əvvəl aparılan arxeoloji qazıntılar zamanı üzə çıxıb. Torpağın altından tapılan gil küpün içərisində XV əsrin əvvəllərinə aid 2,6 min gümüş sikkə olub.
Moskva vilayətinin Mədəni İrs Baş İdarəsinin məlumatına görə, tapıntı öz dövrünə aid indiyədək məlum olan ən böyük sikkə kompleksidir. Xüsusilə diqqətçəkən məqam xəzinənin bütöv şəkildə qorunub saxlanılmasıdır. Təxminən 600 il ərzində ona heç kim toxunmayıb.
Mütəxəssislərin hesablamasına görə, 2600 sikkə həmin dövrün pul vahidi ilə təxminən 13 rubla bərabər olub. XV əsrin əvvəlləri üçün isə bu, böyük sərvət sayılırdı. Bu pula iki şəhər evi və bütöv bir at ilxısı almaq mümkün idi.
Arxeoloqlar xəzinənin sahibi tərəfindən qəsdən gizlədildiyini düşünürlər. Lakin onun sonradan niyə geri götürülmədiyi məlum deyil. Mütəxəssislər ehtimal edirlər ki, sahibinin başına hansısa bədbəxt hadisə gəlib və bunun səbəblərindən biri həmin dövrdə yayılan vəba ola bilər.
Tapılan nadir xəzinənin muzeyə təhvil verilməsi qərara alınıb.


