Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA

Qurban Qurbanov bacarmadığını etiraf etməlidir - POLEMİKA

Ötən gün Tofiq Bəhramov stadionunda UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" - "Tvente" oyunu keçirilib. Matç qonaq komandanın 4:1 hesabı ilə əldə etdiyi qələbə ilə nəticələndi. Oyunun ardından bir sıra şəxslər sosial şəbəkə hesablarında "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanovu tənqid edən paylaşımlar edib. Belə paylaşımlardan birini də sabiq deputat Etibar Əliyev edib. O, "Qarabağ" futbol klubunun məşqçisini "aktyor" adlandırıb.

"Qurban Qurbanovun başını buraxın: ondan məşqçi olmaz: o, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır… Futbol azarkeşi kimi bu günkü oyundan utandım. Bu utandırıcı məğlubiyyətdən sonra Qurban istefa verməlidir. Qurban yaxşı aktyor ola bilərdi. Heyif ki, sənətini səhv salıb", - deyə paylaşımda bildirilib.

Sabiq deputatın bu paylaşımına görə onu sərt tənqid ediblər. Hətta onu təhqir edənlər də olub.

"MediaTürk TV"-yə qonaq olan Etibar Əliyev paylaşımına görə ona yönəldilən fikirlərə reaksiya verib.

O, bildirib ki, hər kəsin müəyyən məsələlərlə bağlı şəxsi fikri ola bilər:

“Ümummilli liderimiz Heydər Əliyevin yaxşı bir aforizmi var: “Tənqid işimizə həmişə kömək edir”. Əslində, sosial şəbəkələrdə çox xoşagəlməz proseslər gedir. Hər bir şəxs müəyyən fikir söyləyir. Şah İsmayıl məsələsində, Əlisa Nicat məsələsində də belədir. Hər kəsin öz fikri ola bilər. Ancaq o fikri kənara qoyub şəxsi təhqir etmək, düşünürəm ki, mədəniyyətsizlikdir. Mən “Qarabağ” - “Tvente” qarşılaşması ilə bağlı paylaşım etmişdim. Mən çox qızğın futbol pərəstişkarıyam, gəncliyimdə də pis futbol oynamamışam. Əslində, söhbət ondan gedir ki, futbolun özü emosiya və həyəcan deməkdir. İnsanlar pul verib bilet alaraq on minlərlə insanın qarşısında futbol izləyir, evlərində futbola baxırlar. Hamı istəyir ki, xüsusilə vətənin komandası qələbə qazansın. Bunu mən də çox istəyirəm. Futbol tarixinə diqqət yetirəndə “Barselona”, “Mançester Siti”, “Liverpul” kimi nəhəng futbol klublarının da inkişaf, durğunluq və çöküş dövrlərinin olduğunu görürük. Ancaq biz bunu etiraf etməliyik. İndiki məğlubiyyətlər isə klubun getdikcə zəiflədiyini göstərir. Çıxış yolu nədən ibarətdir? Qurban Qurbanov haqqında çox maraqlı, pozitiv yazılar da yazmışam. Amma o etiraf etməlidir ki, biz nəyi bacarmırıq. Zəif komandalara uduzuruq. Mən “Liverpul” kimi nəhəng futbol klubuna 6:0 məğlub olmağımızı başa düşdüm. Ancaq reytinqi o qədər də yüksək olmayan “Tvente”yə uduzmaq, şübhəsiz ki, emosiyaları daha çox aşıb-daşırır. Həmin emosiyanın içərisində insan öz fikrini bölüşəndə tənqidi kəskin edə bilər. Mən yenə də deyirəm, bu mənim şəxsi fikrimdir".

O, şəxsinı qarşı bir qrup insan tərəfindən qərəz olduğunu da dilə gətirib.

"Qeyd etdiyim kimi, bir qrup var, onların səhifəsinə baxırsan, səhifələrində heç nə yoxdur, yalnız ad günü təbrikləri, toyda çəkilmiş fotolardır. Kimsə fikir deyirsə, onu tənqid etmək lazımdır. Bunların kreativ paylaşımları yoxdur. Bunların 90 faizi belədir. Bu adamlar sanki pusqudadır ki, Etibar Əliyev nə deyəcək, digəri nə deyəcək. Qardaş, bu mənim şəxsi fikrimdir. Şəxsi fikrim bundan ibarətdir ki, mən 4-5 məğlubiyyəti qəbul edə bilmirəm. Hamının paylaşımına da ehtiram və hörmətlə yanaşıram”.

Sabiq deputat “Qarabağ”ın inkişafı üçün yerli futbolçuların yetişdirilməsinin vacib olduğunu vurğulayıb:

“O məşqçini güclü sayıram ki, öz oyunçularımızı, vətəndən olan oyunçuları futbola hazırlayır. İspaniyanın Avropa və dünya çempionu olması göstərdi ki, bu ölkə uzun illərdir uşaq futbolunun inkişafına diqqət yetirib. Əksəriyyət bizim klublarda legionerlərdir. Bir müddətdən sonra onları başqa kluba satıb, yerinə başqalarını gətirirlər. İspaniya yığmasının məşqçi nümunəsi var. Legionerləri komandaya cəlb etməklə öz milli komandalarını formalaşdıran şəxs əsl məşqçidir. Ümumiyyətlə, “Qarabağ” futbol klubunda onu görürəm ki, 1-2 qol vuran kimi çox tez emosional rahatlıq yaranır. Bu rahatlıq sayəsində yorğun kimi görünürlər. Elə hesab edirlər ki, oyun belə başa çatacaq, sonra da ağır məğlubiyyət yaşayırlar. Klubun oyunçuları öz fiziki hazırlıqlarına diqqət yetirməlidirlər. Futbol belə bir oyundur ki, nəticə oyunçulardan çox azarkeşlərə təsir göstərir. Futbol həm də siyasətdir. Prezidentlər futbol oyunlarını izləyirlər. Bütün hallarda Qurban Qurbanov nə üçün komandanın bu vəziyyətdə olduğunu etiraf etməlidir. Hər dəfə çıxıb “komanda yaxşı oynadı, əlimizdən gələni əsirgəmədik”, amma 5:0, 6:0 uduzduq demək etiraf deyil. Ona görə də Qurban müəllimin də xətrinə dəyməsin. Misal üçün, riyaziyyat müəllimi riyaziyyatçı yetişdirə bilmirsə, o, riyaziyyatı bilmədiyini etiraf etməlidir. Amma bunu etiraf etmir. Bu olmalıdır, çünki klubun adında “Qarabağ” adı var. Qarabağ adının olması, şübhəsiz, emosiyalarımızı daha da artırır. Gərək hər yerdə qələbə olsun. Emosiyaların artmasının bu adla bağlı olduğunu nəzərə almaq lazımdır”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də