Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Nigar Fərhad işi" ilə bağlı yeni detallar: “4500 manatı çətinliklə geri qaytartdıq”

"Nigar Fərhad işi" ilə bağlı yeni detallar: “4500 manatı çətinliklə geri qaytartdıq”

Xaricdə təhsil xidmətləri göstərən “AİD Group”la bağlı aparılan araşdırma çərçivəsində Nigar Fərhad Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.

Bundan əvvəl şirkətin fəaliyyəti ilə bağlı bir qrup vətəndaş şikayət edib. Onlar xaricdə təhsil və iş imkanlarının yaradılması üçün şirkətə ödəniş etdiklərini, lakin razılaşdırılmış xidmətləri ala bilmədiklərini və ödədikləri vəsaitin geri qaytarılmasında problemlə üzləşdiklərini bildiriblər.

Bu hadisə fonunda xaricdə təhsil vasitəçiliyi ilə məşğul olan şirkətlərin fəaliyyətinin necə tənzimləndiyi xüsusi əhəmiyyət daşıyır. Belə şirkətlərin fəaliyyətinə hansı qurumun nəzarət etdiyi, vətəndaşlara universitetə qəbul, təqaüd, xaricdə iş və diplomların tanınması ilə bağlı verilən vədlərin hansı hüquqi əsaslara söykəndiyi, eləcə də xidmət göstərilmədiyi halda istehlakçının hansı müdafiə imkanlarına malik olduğu məsələnin əsas tərəfləridir.

Məsələ ilə bağlıaçıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, xaricdə təhsil xidməti göstərən şirkətlərlə bağlı quruma mütəmadi olaraq vətəndaş şikayətləri daxil olur.

Onun sözlərinə görə, əvvəlki illərdə daxil olan şikayətlər əsasında və media qurumlarının dəstəyi ilə istehlakçılara 25 min manata qədər vəsaitin geri qaytarılmasına nail olunub.

“Xaricdə təhsil şirkətləri ilə bağlı Azad İstehlakçılar Birliyinə daim şikayətlər gəlir. Ötən illərdə daxil olan şikayətlər əsasında və bizə dəstək göstərən bir neçə media qurumunun köməyi ilə 25 min manata qədər vəsaitin geri qaytarılmasına nail olmuşuq”.

E.Hüseynov bildirib ki, bu ilin əvvəlində də konkret şikayət üzrə vətəndaşlara ödənilmiş vəsait geri qaytarılıb:

“Bu ilin əvvəlində Nigar Fərhadın şirkəti ilə bağlı müraciət üzrə 4500 manat vəsaitin geri qaytarılmasına nail olduq. Azərbaycan və Türkiyə vətəndaşının aldadıldığını bildirən müraciət vardı və vəsaitin tam geri qaytarılması təmin edildi. Təxminən bir ay əvvəl isə başqa bir təhsil şirkəti ilə bağlı şikayət əsasında 9500 manat vəsaiti danışıqlar yolu ilə geri qaytartdıra bildik”.

Birlik sədri qeyd edib ki, bu cür halların həllində medianın dəstəyi mühüm rol oynayır:

“Azad İstehlakçılar Birliyinin bu istiqamətdə əldə etdiyi nəticələrdə mətbuatın böyük köməyi olur. Müraciətlərdə həmin şirkətlərlə bağlı məsələnin ictimailəşdirilməsi xahiş edilir, bəzi hallarda isə şirkətlərin arxasında dayandığı iddia olunan şəxslərin adları da göstərilir”.

E.Hüseynov əvvəlki şikayətlərdən birində VIII sinfi bitirmiş şəxsin xaricdə peşə təhsili ilə bağlı aldadıldığını bildirib.

“Vətəndaşa bildirmişdilər ki, onu xarici ölkədə yaxşı peşə məktəbinə yerləşdirəcəklər və bunun müqabilində pul almışdılar. Təxminən iki il həmin vətəndaşın hüquqlarının müdafiəsi ilə məşğul olduq və sonda pulun qaytarılmasına nail olduq. Araşdırma zamanı məlum olmuşdu ki, xaricdə onları qəbul edəcək belə bir təhsil müəssisəsi yoxdur. Hətta saxta sənədlərlə bağlı məsələlər də ortaya çıxmışdı”.

Onun sözlərinə görə, 9500 manatın geri qaytarıldığı sonuncu müraciətdə də vətəndaşa xaricdə təhsil vəd olunub, lakin sonradan qəbulun baş tutmadığı məlum olub:

“Vətəndaşa xaricdə təhsil vəd edilmişdi. Sonradan məlum oldu ki, heç bir universitetə qəbul olunmayıb, ödənilən pul da geri qaytarılmırdı. Bu məsələdə medianın, eləcə də dövlət qurumlarının köməyi oldu. Nigar Fərhadla bağlı məsələdə isə proses çox gərgin keçdi və vəsaitin geri qaytarılmasına böyük çətinliklə nail olduq”.

Birlik sədri xaricdə təhsil sahəsində istehlakçı hüquqlarının pozulmasının geniş yayıldığını deyib:

“Bu, geniş yayılmış istehlakçı hüquqlarının pozulması problemidir. Təəssüf ki, dövlət orqanlarına bu sahədə göndərdiyimiz şikayətlər hər zaman müsbət həllini tapmır. Bizə bəzi hallarda məhkəməyə müraciət etmək tövsiyə olunur. Biz isə çalışırıq ki, məsələləri danışıq yolu ilə və KİV-in dəstəyi ilə həll edək”.

E.Hüseynov xaricdə təhsil şirkətlərinə müraciət edən şəxslərə əvvəlcədən geniş araşdırma aparmağı tövsiyə edib.

“Xaricdə təhsil almaq məqsədilə belə şirkətlərə müraciət edənlər əvvəlcə internetdə ciddi araşdırma aparmalıdırlar. Şirkətlə bağlı kimlərin şikayətçi olduğunu öyrənməlidirlər. Məsələn, 9500 manatın geri qaytarıldığı sonuncu hadisədə sonradan məlum oldu ki, həmin şirkətlə bağlı daha 32 nəfərin də şikayəti var”.

Birlik sədri vətəndaşların ödəniş və müqavilə məsələlərinə xüsusi diqqət yetirməli olduğunu vurğulayıb:

“İstehlakçılar hərtərəfli araşdırma aparmalıdırlar. Verdikləri pulun müqabilində rəsmi kassa qəbzi almalı, müqaviləni və onun şərtlərini diqqətlə oxumalıdırlar. Müqavilə şərtlərinə əməl olunmadığı andan etibarən şikayət etməlidirlər. Təhsil şirkətinin konkret və daimi fəaliyyət göstərdiyi ofisi olmalıdır. Çünki bəzi şirkətlər ofislərini tez-tez dəyişirlər. Bütün bu məqamlara diqqət yetirilməlidir”.

E.Hüseynov yekun olaraq bildirib ki, problemlə üzləşən şəxslər Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər.

“Problem yaranarsa, vətəndaşlar ərizə ilə Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər. Biz istehlakçıların, o cümlədən təhsil sahəsində hüquqları pozulan şəxslərin hüquqlarını tam təmənnasız müdafiə etməyə hazırıq”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də