
Tədris ili başlamazdan əvvəl uşaqların tibbi müayinədən keçirilməsi onların fiziki inkişafının və ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, mövcud problemlərin aşkarlanması və məktəb mühitinə daha yaxşı uyğunlaşması baxımından əhəmiyyətlidir.
Bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, ilk növbədə uşağın pediatr müayinəsindən keçirilməsi tövsiyə olunur.
“Pediatr baxışı zamanı uşağın fiziki inkişafı, boyu, çəkisi və yaşına uyğun inkişaf göstəriciləri qiymətləndirilir. Hər bir coğrafi ərazinin, o cümlədən ölkəmizin özünəməxsus boy və çəki normativləri mövcuddur. Bunlar sentil şkalaları vasitəsilə qiymətləndirilir və hər yaş üçün normanın müxtəlif hədləri nəzərə alınır”.
Pediatr qeyd edib ki, uşağın fiziki inkişafı qiymətləndirilərkən yalnız boy və çəki göstəricilərinə əsaslanmaq düzgün deyil.
“Uşağın fərdi inkişaf xüsusiyyətlərinə, həmçinin valideynlərin, xüsusilə ata və ananın fiziki göstəricilərinə də diqqət yetirilməlidir. Çünki xüsusilə boy göstəricilərində genetik amillər mühüm rol oynayır”.
N.Hüseynovanın sözlərinə görə, pediatr uşağın digər orqan və sistemlərinin fəaliyyətini də qiymətləndirir və zərurət yarandıqda onu müvafiq ixtisaslı həkimlərə yönləndirir.
“Məktəbəqədər və məktəb yaşlı uşaqlarda yaşa uyğun profilaktik baxış çərçivəsində görmə və eşitmə, ağız boşluğu və dişlərin vəziyyəti, dayaq-hərəkət sistemi və digər sağlamlıq göstəricilərinin qiymətləndirilməsi əhəmiyyətlidir. Digər laborator və instrumental müayinələrin aparılması isə uşağın sağlamlıq vəziyyətindən və pediatrın tibbi qiymətləndirməsindən asılı olaraq müəyyənləşdirilməlidir”.
Pediatr bildirib ki, xüsusilə I sinfə başlayacaq uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı görmə, eşitmə, stomatoloji və dayaq-hərəkət sistemi üzrə müayinələr xüsusi əhəmiyyət daşıyır.
“Uşaq bəzən görmə qabiliyyətinin zəiflədiyini özü də hiss etməyə bilər. Nəticədə lövhədə yazılanları görməkdə çətinlik çəkə, tez yorula və dərs zamanı diqqəti yayınmağa başlaya bilər. Belə hallarda uşağın davranışı yanlış olaraq “tənbəllik” və ya “diqqət dağınıqlığı” kimi qiymətləndirilə bilər. Buna görə də görmə itiliyinin, çəpgözlüyün və digər görmə problemlərinin vaxtında aşkarlanması vacibdir”.
N.Hüseynova eşitmə qabiliyyətinin də qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.
“Ehtiyac olduqda audiometriya kimi müayinələr aparıla bilər”.
Onun sözlərinə görə, I sinfə başlayan uşağın gündəlik rejimində ciddi dəyişikliklər baş verir, o, uzun müddət oturaq vəziyyətdə qalır və məktəb çantası daşıyır.
“Bu baxımdan düzgün oturuş vərdişlərinin formalaşdırılması və dayaq-hərəkət sisteminin vəziyyətinə diqqət yetirilməsi vacibdir. Onurğa sütunu, çiyin və çanaq simmetriyası, ayaqların vəziyyəti və yastıpəncəlik kimi problemlər qiymətləndirilməlidir”.
Pediatr stomatoloji müayinənin də məktəbə başlayan uşaqlar üçün mühüm olduğunu bildirib.
“6-7 yaş dövründə süd dişlərinin daimi dişlərlə əvəzlənməsi prosesi davam edir. Bu mərhələdə ağız boşluğunun və dişlərin vəziyyətinin stomatoloq tərəfindən qiymətləndirilməsi, kariyes və digər problemlərin vaxtında aşkarlanaraq müalicə olunması vacibdir. Diş problemləri ağrıya səbəb olmaqla yanaşı, uşağın yuxusuna, qidalanmasına və dərs zamanı diqqətini toplamasına mənfi təsir göstərə bilər”.
N.Hüseynova əlavə edib ki, dişlərin düzgün inkişafı və dişləmənin vəziyyəti də qiymətləndirilməli, zərurət olduqda ortodont müayinəsi tövsiyə edilməlidir.
Pediatr yeni dərs ili ərəfəsində valideynlərin uşaqların peyvənd təqviminə də xüsusi diqqət yetirməli olduqlarını deyib.
“Ümumiyyətlə, xəstəliklərin profilaktikası məqsədilə uşaqların Azərbaycan Respublikasının Milli Peyvənd Təqviminə uyğun olaraq profilaktik peyvəndlərlə əhatə olunması vacibdir”.
Onun sözlərinə görə, məktəb mühitində uşaqlar qapalı və kollektiv şəraitdə daha sıx təmasda olduqları üçün peyvəndləmə xüsusi əhəmiyyət daşıyır.
“Profilaktik peyvəndlərlə əhatə olunmayan uşaqlarda bəzi infeksion xəstəliklərin daha ağır və fəsadlarla müşayiət olunan formada keçmə riski arta bilər”.
N.Hüseynova bildirib ki, hər hansı səbəbdən yaşına uyğun peyvəndləri vaxtında almayan uşaqların valideynləri yeni tədris ili başlamazdan əvvəl ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidirlər.
“Əgər uşaq hər hansı səbəbdən, o cümlədən tibbi əks-göstəriş və ya digər səbəblərlə peyvəndləri vaxtında almayıbsa, valideynlər ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidirlər. Tibb işçisi uşağın peyvənd tarixçəsini qiymətləndirərək buraxılmış dozaları nəzərə almaqla fərdi peyvəndləmə planını müəyyənləşdirə bilər. Əsas məqsəd uşaqların yaşına uyğun peyvəndlərlə vaxtında və tam əhatə olunmasını təmin etməkdir”.
Pediatr sonda məktəb həyatına ilk addımlarını atan bütün uşaqlara möhkəm sağlamlıq, uğurlar və yeni biliklərə həvəs, valideynlərə isə səbir və əzm arzulayıb.


