
Bakı metrosunda sərnişindaşımanın daha rahat və səmərəli təşkili istiqamətində görülən işlər davam etdirilir. Qarşıdakı 11 ay ərzində “28 May” və “Nizami” stansiyaları istiqamətində bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur. Görüləcək işlərin metronun imkanlarının genişləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişinlərin rahatlığının artırılması baxımından əhəmiyyəti diqqət çəkir.
Mövzu ilə bağlıaçıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, metro xətlərinin ayrılması Bakı şəhərinin ümumi mobillik sisteminin inkişafı baxımından mühüm və strateji layihədir.
Onun sözlərinə görə, layihə başa çatdıqdan sonra metronun hərəkət imkanlarının genişlənməsi və sərnişinlər üçün daha rahat marşrutların formalaşması gözlənilir.
“Bu layihə Bakı üçün çox önəmlidir. Xətlər ayrıldıqdan sonra hərəsinin ayrıca deposu olmaqla üç müstəqil fəaliyyət göstərən metro xətti olacaq. Hazırkı 3 dəqiqə 30 saniyəlik interval gələcəkdə, bu işlər başa çatdıqdan və yeni xətlər tikildikdən sonra 2 dəqiqəyə qədər enəcək. Şəhərin müxtəlif istiqamətlərindən, o cümlədən şimaldan və şərqdən gələn sərnişinlər üçün daha qısa marşrutlar formalaşacaq”.
Ekspert qeyd edib ki, işlərin aparıldığı müddətdə ekspress avtobusların fəaliyyətə başlaması da müsbət addımdır və sərnişin axınlarının təhlili əsasında yeni istiqamətlərin müəyyənləşdirilməsi mümkündür.
R.Ağamirzəyev Dərnəgül və Koroğlu dəmir yolu dayanacaqlarının əlaqələndirilməsinin də şəhərdaxili mobilliyin inkişafına mühüm töhfə verə biləcəyini bildirib:
“Orada təxminən 2 kilometrlik dəmir yolunun 1 kilometri artıq tikilib. Qalan hissənin daha sürətli tamamlanması həm şəhərdaxili mobillikdə vahid əlaqəni təmin edə, həm də Abşeron dairəvi dəmir yolunda dairəvi hərəkətin təşkilinə imkan yarada bilər. Bu, Xırdalandan və Sumqayıtdan gələn insanların Dərnəgüldən Koroğlu istiqamətinə hərəkət etməsinə, 20 Yanvar və 28 May istiqamətinə getmədən sərnişin axınının bölüşdürülməsinə şərait yaradar”.
Nəqliyyat eksperti şəhərdə piyada infrastrukturunun inkişaf etdirilməsinin də ümumi mobillik sisteminin mühüm hissəsi olduğunu vurğulayıb:
“Şəhər mərkəzində qısa piyada marşrutlarının formalaşdırılması üçün zebra və işıqforlu keçidlərin sayı artırılmalıdır. Nümunə olaraq, Nizami ilə 28 May piyada məsafəsində yerləşir. İnsanların bu və digər qısa məsafələri rahat şəkildə piyada qət edə bilməsi üçün uyğun şərait yaradılmalıdır. Beləliklə, piyada hərəkəti də səfərlərin planlaşdırılmasında mühüm paya sahib ola bilər”.
R.Ağamirzəyev bildirib ki, ayrılmış avtobus zolaqları, mikromobillik zolaqları, svetofor sistemləri və piyada infrastrukturu birlikdə şəhərdə müxtəlif hərəkət növlərinin əlaqələndirilməsinə xidmət edir.
“Piyada, mikromobillik və ictimai nəqliyyat üçün şərait nə qədər sürətlə yaradılsa, səfərlərin bölgüsü də bir o qədər dəyişəcək. Piyada infrastrukturu bütün bunların tamamlayıcı hissəsidir. Çünki hansı nəqliyyat növündən istifadə etməyimizdən asılı olmayaraq, ondan düşəndən sonra biz piyadayıq”.
Ekspert ekspress avtobuslardan birində orta qapıda validatorun quraşdırılmasını da müsbət yenilik kimi qiymətləndirib.
“Düşünürəm ki, validatorlar bütün qapılarda və bütün avtobuslarda olmalıdır. Sürücü nəzarət funksiyasından azad edilməlidir, çünki sürücünün işi avtomobili idarə etməkdir. Avropa və dünya təcrübəsində olduğu kimi, ayrıca nəzarətçilər müəyyən dayanacaqlarda avtobusa daxil olaraq sərnişinlərin ödənişini POS-terminal vasitəsilə yoxlaya bilərlər. Kart və ya NFC vasitəsilə edilən ödəniş də həmin sistem üzərindən yoxlanıla bilər”.
R.Ağamirzəyev Brutto müqavilələrinin təsdiqlənməsini də ictimai nəqliyyat sistemində yeni imkanlar yarada biləcək addımlardan biri kimi dəyərləndirib.
“Brutto müqavilələri artıq təsdiqlənib. Onların icrası, böyük ehtimalla, gələn ildən 2028-ci ilədək mərhələli şəkildə həyata keçiriləcək və bu da müxtəlif imkanlar yaradacaq”.
Ekspert metro ilə bağlı düzgün məlumatlandırmanın sərnişinlərin mövcud imkanlardan daha səmərəli istifadə etməsinə kömək edə biləcəyini də bildirib.
“Düşünürəm ki, metroda daha intensiv hərəkət ola bilər. Kommunikasiyada fərqli variantlardan istifadə etmək mümkündür. Məsələn, sırf istifadəçi təcrübəsi üzərindən çəkiliş hazırlanaraq sərnişinin hansı stansiyada metroya minə, harada düşə biləcəyi göstərilə bilər. Qırmızı xəttin tam işlək olduğu, yaşıl xəttin isə Nizamidən Dərnəgülə qədər fəaliyyət göstərdiyi barədə məlumatlandırmanın genişləndirilməsi informasiya boşluğunu aradan qaldıra bilər. Beləliklə, həm metronun indiki fəaliyyət dövründə, həm də sonrakı mərhələdə istifadə edənlərin sayına birbaşa təsir göstərmək olar”.
R.Ağamirzəyev sonda vurğulayıb ki, metro xətlərinin ayrılması Bakı üçün vacib və strateji zərurətdir:
“Xətlərin ayrılması vacib layihədir, zəruri idi və strateji zərurətdir. Əsas məsələ alternativlərin sayını artırmaq və şəhər mobilliyinin müxtəlif elementlərini bir-biri ilə daha yaxşı əlaqələndirməkdir”.


