
Xırdalandan Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən 505 və 596 nömrəli marşrut avtobusları arasında insident yaşanıb.
596 nömrəli marşrut avtobusu 505 nömrəli avtobusun hərəkətinə mane olub.
Redaksiyamıza daxil olan görüntülərdə 596 nömrəli avtobusun 505 nömrəli avtobusu yol hərəkəti zamanı sıxışdırdığı, nəticədə onun yan güzgüsünün zədələndiyi görünür.
Lakin sərnişinlərin sözlərinə görə, tərəflər arasında yaşanan gərginlik ilk dəfə baş vermir. Onlar bildiriblər ki, bundan əvvəl də 596 nömrəli marşrutun sürücüləri 505 nömrəli avtobusun sərnişinlərini nəqliyyat vasitəsindən endiriblər.
Sərnişinlərin iddiasına görə, insidentin arxasında marşrut sürücüləri ilə avtobus şirkəti arasında “yer pulu” kimi tanınan ödənişlə bağlı narazılıq dayanır. Bildirilir ki, 596 nömrəli marşrutun sürücüləri şirkətə ödədikləri “yer pulu”nun məbləğinin azaldılmasını gözləsələr də, bu baş verməyib. Bununla yanaşı, eyni istiqamətdə 505 nömrəli marşrut xəttinin fəaliyyətə başlaması sürücülərin narazılığını daha da artırıb.


