Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq

İxtisas seçimində yeni yanaşma: Nə olursa-olsun, özəl universitet yazmayaq

Ali təhsil müəssisələrinə 2026/2027-ci tədris ili üzrə ixtisas seçimi mərhələsi başa çatıb. Builki qəbul planında özəl ali təhsil müəssisələri üzrə ayrılan plan yerlərinin sayı universitetlərdən asılı olaraq fərqlənir. Bəzi özəl universitetlərdə qəbul imkanlarının digərləri ilə müqayisədə daha məhdud olması bu ali məktəblərə və təklif olunan ixtisaslara tələbat, eləcə də plan yerlərinin dolma perspektivi ilə bağlı suallar yaradır.

Maraqlıdır, özəl universitetlər arasında ən az qəbul planı hansı ali məktəblərə ayrılıb və bu göstəricilər abituriyentlərin seçimlərinə nə dərəcədə təsir edib?

Mövzu ilə bağlı danışan AzEdu Təhsil Platformasının direktoru, təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, builki ixtisas seçimi zamanı plan yerlərinin azalmasını dövlət və özəl universitetlər müstəvisində deyil, ayrı-ayrı ixtisaslar üzrə qiymətləndirmək daha doğru olar.

Onun sözlərinə görə, plan yerlərinin azalması xüsusilə pedaqoji ixtisaslarda özünü qabarıq şəkildə göstərib.

"Builki ixtisas seçimində apardığımız müşahidələr bir neçə məqamı xüsusi vurğulamağı tələb edir. Plan yerlərinin azalmasını dövlət və özəl universitetlər kontekstində deyil, ayrı-ayrı ixtisaslar üzrə dəyərləndirməliyik. Bu il bütün ixtisas qruplarında plan yerləri azalan ixtisaslar var idi. Xüsusilə pedaqoji profilli ixtisaslarda bu azalma açıq hiss olunurdu. I qrupdan IV qrupa qədər müəllimlik ixtisaslarının demək olar ki, hamısında plan yerləri müxtəlif səviyyədə azaldılmışdı. Ən ciddi azalma isə pedaqoji ixtisasların daha çox cəmləşdiyi III ixtisas qrupunda müşahidə edilirdi".

Ekspert qeyd edib ki, III ixtisas qrupunun tarix-coğrafiya (TC) alt qrupu üzrə də plan yerlərinin azalması rəqabəti daha da artırıb:

"TC alt qrupu üzrə ümumi plan yerləri də azalmışdı. Azərbaycan bölməsi üzrə, cəmi 1425 plan yeri ayrılmışdı. Nümunə olaraq, Bakı Slavyan Universitetində, Azərbaycan Dillər Universitetində, Bakı Dövlət Universitetində regionşünaslıq istiqamətləri üzrə - Şərqi Avropa, Qərbi Avropa, Mərkəzi Asiya və digər profillər üzrə cəmi 10-15 plan yerinin ayrıldığını gördük. Bu, kifayət qədər az göstəricidir".

Onun sözlərinə görə, plan yerlərinin azalması keçid ballarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər:

"Plan yerləri azaldıqca rəqabət təbii olaraq artır və nəticədə keçid balları yüksəlir. TC alt qrupu üzrə bəzi ixtisaslarda keçid ballarının 90 bala qədər arta biləcəyi ilə bağlı proqnozlar da məhz bununla bağlıdır. Bu, kifayət qədər ciddi göstəricidir".

Elmin Nuri bildirib ki, özəl universitetlərlə bağlı əsas problem isə Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasından sonra formalaşan mənfi ictimai rəy olub:

"Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılmasından sonra özəl universitetlərə münasibət xeyli dəyişdi. İnsanların özəl ali məktəblərə müraciəti azaldı, etimad zəiflədi. Bunun bir səbəbi də bəzi valideynlərin diplomun hüquqi qüvvəsi, lisenziyalaşdırma prosesi və digər məsələlər barədə kifayət qədər məlumatlı olmamasıdır. İxtisas seçimi zamanı valideynlərdən tez-tez eşidirdik ki, "nə olursa-olsun, özəl universitet yazmayaq. Sabah diplom tanınmaz, iş tapmaqda problem olar". Biz izah etməyə çalışırdıq ki, lisenziya əsasında fəaliyyət göstərən özəl universitetlərin diplomları hüquqi baxımdan etibarlıdır. Amma Bakı Qızlar Universiteti ilə bağlı hadisə özəl universitetlərə münasibətə çox ciddi təsir göstərdi".

Ekspert onu da əlavə edib ki, bu yanaşma bəzən aşağı bal toplayan abituriyentlərin seçimlərinə də təsir edib:

"Hətta 205 bal toplamış abituriyentin valideyni belə özəl universitet yazmaq istəmirdi. Təbii ki, biz bu yanaşmanı dəstəkləyə bilməzdik. Reallığa baxmaq lazımdır. Bu gün elə özəl universitetlər var ki, tədris keyfiyyətinə görə bir sıra dövlət universitetlərini qabaqlayır".

O, xüsusilə Xəzər Universitetini nümunə göstərib.

"Məsələn, Xəzər Universitetinin tətbiq etdiyi xarici tədris proqramları və tədris metodları bir çox dövlət universitetlərindən irəlidədir. Sadəcə olaraq, cəmiyyətdə özəl ali məktəblərlə bağlı formalaşmış baxışın dəyişməsinə ehtiyac var".

Elmin Nurinin sözlərinə görə, hazırda özəl ali təhsil müəssisələri arasında ən böyük maraq məhz Xəzər Universitetinə yönəlib:

"Müşahidələrimiz göstərir ki, özəl universitetlər arasında ən çox maraq Xəzər Universitetinədir. Digər özəl universitetlər isə müxtəlif səbəblərdən o qədər də üstün seçim hesab edilmir və əksər hallarda aşağı bal toplayan abituriyentlər tərəfindən alternativ olmadığı üçün seçilir. Məsələn, 220 bal toplamış abituriyent özəl universitetlərdən birini seçmək məcburiyyətində qalır. Əslində mən bunu məcburiyyət hesab etmirəm. Həm dövlət, həm də özəl ali məktəblərin verdiyi təhsilə hörmətlə yanaşıram. Sadəcə, abituriyentin özü bunu alternativ olmadığı üçün belə qəbul edir. Sonda isə hər şey insanın özünü necə yetişdirməsindən asılıdır".


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
X-də
Teleqram-da
YouTube-də