
Qarabağ və Şərqi Zəngəzurda yerləşən və dövlət qeydiyyatında olan 130 abidənin inventarlaşması hələlik başa çatdırılmayıb.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, bunun əsas səbəbi isə ərazilərin minalarla çirkləndirilməsidir.
"Bununla yanaşı, inventarlaşma işləri zamanı tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 256 yeni aşkar edilmiş abidə sənədləşdirilib. Nazirlər Kabinetinin qərarı ilə 2025-ci ildə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb. Qalan 212 yeni aşkar edilmiş abidənin də dövlət qeydiyyatına salınması istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Mərhələli şəkildə həm Qarabağ və Şərqi Zəngəzurda, həm də ölkəmizin digər ərazilərində yerləşən yeni aşkar edilmiş abidələrin dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasında baxılır", - deyə rəsmi məlumatda vurğulanıb.


