
Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması ilə bağlı aparılan işlər çərçivəsində sərnişinlərin hərəkət marşrutunda müvəqqəti dəyişikliklər nəzərdə tutulur. Belə ki, qarşıdan yeni tədris ilinin gəlməsi və tələbələrin kirayə mənzil axtarışının artması fonunda metro marşrutlarındakı dəyişikliklərin paytaxtın kirayə bazarına mümkün təsiri də müzakirə olunur. “Elmlər Akademiyası” stansiyasının BDU və digər təhsil, elmi müəssisələrə yaxınlığı da bu ərazini tələbələr üçün mühüm istiqamətlərdən birinə çevirir.
Açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, nəqliyyat sistemində baş verən dəyişikliklər ilk növbədə həssas təbəqələrə, xüsusilə də tələbələrə təsir göstərə bilər.
Onun sözlərinə görə, tələbələr əlavə vaxt və xərc itkisinin qarşısını almaq üçün yaşayış yerlərini seçərkən nəqliyyat imkanlarını daha çox nəzərə almağa başlayacaqlar.
“Ümumiyyətlə, təcrübə göstərir ki, 2003-2004-cü illərdə Xırdalan şəhərində kirayə mənzil bazarı kifayət qədər aktiv idi. Bakı ilə müqayisədə rəqabət daha yüksək olduğuna görə qiymətlər də daha sabit idi. Bu səbəbdən tələbələrin əksəriyyəti Masazır və Xırdalan istiqamətinə üstünlük verirdi”.
Ekspert qeyd edib ki, sonrakı dövrdə nəqliyyat xərclərinin artması bu tendensiyanı dəyişib.
“Sonrakı dövrdə nəqliyyat qiymətlərinin bahalaşması göstərdi ki, uzun məsafə qət etmək hər zaman sərfəli deyil. Buna görə də tələbələrin əksəriyyəti təhsil aldıqları ali məktəblərə daha yaxın ərazilərdə kirayə mənzil axtarmağa üstünlük verməyə başlayıblar. Bu tendensiya hazırda da müşahidə olunur”.
Elnur Azadov hesab edir ki, Bakı metropolitenində aparılan təmir işləri də kirayə mənzil bazarına təsirsiz ötüşməyəcək:
“Metropolitendə aparılan təmir işlərini də nəzərə alsaq, bunun kirayə mənzil bazarına müəyyən təsiri olacağı gözləniləndir. Hazırda bu dəyişikliklərin hansı miqyasda olacağını dəqiq demək çətindir. Ancaq mənim fikrimcə, xüsusilə Elmlər Akademiyası istiqamətində, akademik rayon kimi tanınan ərazilərdə bu proses bazara təsirsiz ötüşməyəcək”.


